Səudiyyə Ərəbistanı Kosmik Təşkilatı Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq
Bakı, 24 avqust, AZƏRTAC
Səudiyyə Ərəbistanı Kosmik Təşkilatı bu il oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAC-2023) növbəti platinium sponsoru elan edilib.
AZƏRTAC xəbər verir ki, hazırda 70-dən çox ölkədən kosmik şirkətlər və nümayəndələr Beynəlxalq Astronavtika Konqresində iştirak üçün artıq qeydiyyatdan keçib. “IAC-2023”ün sərgi pavilyonunda iştirakla bağlı 50-dən çox təşkilatla müqavilə imzalanıb. “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda keçiriləcək beynəlxalq konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadiləsi üçün açıq platforma olacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Kosmik Agentliyi bu il ilk səfəri planlaşdırılan kosmos proqramını artıq reallaşdırıb. Müəyyən edilmiş proqram çərçivəsində 2023-cü ildə kosmosa gedəcək ilk astronavt komandası arasında qadın da olub. Səudiyyə Ərəbistanının astronavtları Rayyanah Barnavi və Əli Əl-Qarni, həmçinin onlarla birlikdə bu il mayın 22-də Beynəlxalq Kosmik Stansiyaya uçan amerikalı astronavtlar Peqqi Uitson və Con Şofner missiyanı uğurla başa vuraraq Yerə qayıdıblar. Stansiyada 12 gün keçirən astronavtlar rusiyalı, amerikalı və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarları ilə birgə tədqiqatlar aparıblar.
Səudiyyə Ərəbistanı astronavtlarının iştirak etdikləri “Ax-2” kosmik missiyası Krallığın nümayəndələrinin Beynəlxalq Kosmik Stansiyaya ikinci uçuşudur. Rayyanah Barnavi kosmosa uçan ilk ərəb qadın olub. Əli Əl-Qarni isə 1985-ci ildə kosmik missiyanın tərkibində olmuş şahzadə Sultan bin Salmandan sonra kosmik fəzanı fəth edən ikinci səudiyyəli astronavtdır. Bu proqramın məqsədi Səudiyyə Ərəbistanından olan kadrların gələcək kosmos tədqiqatları missiyalarında beynəlxalq tərəfdaşlıqlara cəlb etmək, qısa və uzun məsafəli kosmos səyahətləri həyata keçirmək üçün yetişdirməkdir. Səudiyyə Ərəbistanı gələcəkdə daha da əhəmiyyətli olacağı gözlənilən kosmik sənaye sektorundan faydalanmağı və kosmos araşdırmalarına töhfə verməyi hədəfləyir.
Xatırladaq ki, Azərbaycanın kosmik icmanın nisbətən yeni üzvü olmasına baxmayaraq, bu sahədə əldə olunmuş nailiyyətlər və həyata keçirilmiş uğurlu peyk layihələrinin nəticəsi olaraq 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. İlk dəfə 1973-cü ildə - Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresindən 50 il sonra Azərbaycanın yenidən bu mötəbər tədbirə ev sahibliyi etməsinin rəmzi əhəmiyyət daşıyır. Bu il avqustun 4-də Prezident İlham Əliyev “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qanun Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb