×
A
A
A
Sazlamalar

ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib

Bakı, 24 avqust, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə texniki rəhbəri bir çox ölkədə virusun davamlılığına qarşı xəbərdarlıq edib. AZƏRTAC xəbər verir ki, yoluxucu xəstəliklər üzrə amerikalı mütəxəssis Maria Van Kerxove İsveçrənin gündəlik “Le Temps” qəzetinə müsahibəsində deyib: "Dünya unutmuş kimi görünsə belə, biz həmişə COVID-i ciddi qəbul etməliyik. Virus planetin bir çox ölkələrində özünün mutasiya şansını artıraraq çox dövr etməkdə davam edir. Biz EG.5 və BA.2.86 daxil olmaqla, ən son variantları diqqətlə izləyirik".
ÜST iyulun 17-dən avqustun 13-dək altı regionda COVID-19-a 1,4 milyon yeni yoluxma və 2300-dən çox ölüm faktı qeydə alıb. Bu, əvvəlki 28 günlük dövrlə müqayisədə yoluxma hallarında 63 faiz artım deməkdir.
Maria Van Kerxove, həmçinin hökumətləri virusa qarşı tədbirli olmağa çağırıb. O əlavə edib: “Biz BA.2.86 və ya digər variantlardan asılı olmayaraq, yeni infeksiya dalğalarını gözləyirik. Yeni ölümlərin və xəstəxanaya yerləşdirmə dalğasının qarşısını almaq istəyiriksə, ayıq-sayıq olmalıyıq".
ÜST öz saytında bu günə qədər bütün planetdə 769 milyondan çox yoluxma halının qeydə alındığı və pandemiyanın 6,95 milyondan çox insanın həyatına son qoyduğu barədə məlumat verib. BMT-nin səhiyyə orqanı əlavə edib ki, son yeddi gündə 3446 yeni yoluxma qeydə alınıb.

Səhiyyə 2023-08-24 16:26:00