×
A
A
A
Sazlamalar

Bakıda keçiriləcək “IAC-2023” kosmos sahədə problemlərin müzakirəsi baxımından mühüm platformadır

Bakı, 24 avqust, AZƏRTAC

Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi (“IAC-2023”) kosmos sahəsində problemləri, imkanları və əsas kosmik mövzulara dair fikirləri irəli sürüb, müzakirə etmək, həmçinin kritik biznes əlaqələri qurmaq üçün mühüm bir platformadır. Konqres Azərbaycan, Türkiyə, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini əhatə edən elmi və biznes strukturlar üçün qlobal kosmik sektorun liderləri və ekspertləri ilə əlaqə yaratmaq üçün unikal bir şansdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Kosmik Agentliyinin (TUA) prezidenti Serdar Hüseyin Yıldırım deyib.
Aerokosmik texnologiyalar sahəsində ölkənin prioritetləri, məqsəd və strategiyasının formalaşmasına öz töhfəsini verən Türkiyə Kosmik Agentliyi qlobal miqyasda rəqabətədavamlı fəaliyyət göstərmək məqsədilə bu yolu müəyyən edən və strateji plan sayılan - “Milli Kosmos Proqramı”nın hazırlanıb, əlaqələndirilməsi və həyata keçirilməsi ilə məşğul olan məsul dövlət orqanıdır. TUA-nın missiyası “Yeni Kosmos Əsri”nin imkan və çağırışlarını nəzərə alaraq, Türkiyənin və bəşəriyyətin maraqları naminə kosmosla bağlı tədbirlər həyata keçirən qabaqcıl və öndəgedən bir qurum olmaqdır.
Qeyd edək ki, Türkiyə Kosmik Agentliyi bu il oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin (“IAC-2023”) Platinium Sponsoru elan edilib.
“Bu ilin bütün dünyada ən böyük kosmik hadisəsi sayılan 74-cü Beynəlxalq Astronavtika Konqresinin Platinium Sponsoru olmaqdan inanılmaz dərəcədə qürur duyuruq. Türkiyənin kosmos sektorunda qlobal oyunçuya çevrilməsi məqsədilə fəaliyyətimizdə bu önəmli addımdır. Bu tədbirdə ən yaxşı şəkildə iştirak edəcəyimizə ümidvaram. Bəşəriyyət naminə qabaqcıl texnologiyaların inkişaf etdirilməsi sahəsində ölkəmizin nailiyyətlərini bu Konqres və sərgidə nümayiş etdirməkdən şərəf duyuruq”, - deyə TUA-nın rəhbəri Serdar Hüseyin Yıldırım bildirib.
“IAC-2023”, şübhəsiz ki, qardaş ölkəmiz Azərbaycanda, dünyanın hər yerindən olan “Bütün kosmik insanları birləşdirən” maraqlı hadisə olacaq. “IAC-2023”ün sponsoru olmaq TUA üçün Türkiyənin ən sürətlə inkişaf edən şəhərlərindən olan Antalyada “IAC-2026”ya ev sahibliyi etmək öhdəliyimizi təsdiqləmək üçün bir şansdır”, - deyə Serdar Hüseyin Yıldırım əlavə edib.
Xatırladaq ki, Azərbaycanın kosmik icmanın nisbətən yeni üzvü olmasına baxmayaraq, bu sahədə əldə olunmuş nailiyyətlər və həyata keçirilmiş uğurlu peyk layihələrinin nəticəsi olaraq 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. İlk dəfə 1973-cü ildə, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresindən 50 il sonra Azərbaycanın yenidən bu mötəbər tədbirə ev sahibliyi etməsinin simvolik əhəmiyyət daşıyır.

İKT 2023-08-24 02:51:00