×
A
A
A
Sazlamalar

Bakıda İsrail şirkətləri ilə innovasiya sahəsində birgə iş imkanları dəyərləndirilib

Bakı, 23 avqust, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə İsrailin bir sıra aparıcı şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində müxtəlif qurumlarla əhəmiyyətli görüşlər baş tutub. Bu görüşlər müxtəlif sektorlarda tərəfdaşlığı araşdırmaq və gücləndirmək, əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
Bu barədə AZƏRTAC-a Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, İsrail heyətini telekommunikasiya, kibertəhlükəsizlik, sistem inteqrasiyası və maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən müvafiq olaraq “Raycom”, “Cysourse”, “Sensorz” və “Fincom” şirkətləri təmsil edib.
Səfər zamanı “PASHA Holding” şirkətinin innovasiya üzrə nümayəndələri ilə keçirilən görüşdə İsrail şirkətləri ilə innovasiya sahəsində birgə iş imkanları dəyərləndirilib.
İnnovasiya və texnologiyaya əsaslanan ekosistemin inkişafı üçün ortaq səylərin reallaşdırılması, bilik mübadiləsinin həyata keçirilməsi mövzuları müzakirə edilib.
İsrailli qonaqlar, həmçinin “Azercell” şirkətində olublar və potensial əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr şəbəkə infrastrukturunun təkmilləşdirilməsi, innovativ xidmət və tətbiqlərin inkişafına qədər geniş mövzuları əhatə edib.
Qeyd edək ki, İsrail şirkətlərinin Azərbaycana səfəri qlobal və yerli İKT şirkətlərinə vergi güzəştləri və imtiyazlar təqdim edən texnopark rezidentliyi çərçivəsində reallaşıb.

İKT 2023-08-23 16:01:00