×
A
A
A
Sazlamalar

Şəkinin meyvə və üzüm bağlarında, əkin sahələrində kompleks mübarizə tədbirləri aparılır

Şəki, 22 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun ərazisində 7492,7 hektar meyvə və giləmeyvəlik, 307 hektar üzüm bağı var. Bu bağların əksəriyyəti vətəndaşlara məxsus fərdi həyətyanı sahələrdədir. Eyni zamanda, rayonda məhdud məsuliyyətli cəmiyyətlərə və fiziki şəxslərə məxsus müasir tipli intensiv meyvə bağları mövcuddur. Hazırda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzi tərəfindən bağlarda, həmçinin əkin sahələrində kompleks tədbirlər davam etdirilir.
Qurumun Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, mövsüm ərzində rayonun meyvə bağlarında fermerlərin vəsaiti hesabına 4132,5 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Aparılan kimyəvi mübarizənin 1355 hektarı meyvənin əsas zərərvericilərinə, 12 hektarı Kaliforniya qalxanlı yastıcasına, 3 hektarı tut qalxanlı yastıcasına, 95,2 hektarı şərq meyvəyeyəninə və 2 min 530 hektarı isə xəstəliklərə qarşı olub. Eyni zamanda, erkən yazda 136,5 hektarda qış mübarizə tədbirləri aparılıb. Kimyəvi mübarizədə, əsasən imidacloprid, asetamiprid, indoxocarb, xloranantriprol, kükürd tərkibli insektisidlərdən istifadə olunub.
Bundan əlavə, ötən dövr ərzində üzüm bağlarında 892,4 hektarda zərərli orqanizmlərə qarşı kimyəvi mübarizə tədbirləri görülüb. Aparılmış mübarizənin 45,6 hektarı salxım yarpaqbükəninə, 49,9 hektarı tor və fır gənəsinə, 417,8 hektarı mildiu və 299 hektarı isə oidium xəstəliyinə qarşı olub.

Kənd təsərrüfatı 2023-08-22 19:35:00