×
A
A
A
Sazlamalar

Yay fəslində soyuq içkilərin istehlakı xroniki bronxitlərin kəskinləşməsi problemlərini yaradır

Bakı, 22 avqust, AZƏRTAC

Son zamanlar respirator xəstəliklər, xroniki bronxitlərin kəskinləşməsi kimi hallarda artım qeydə alınır. Hər mövsümün havası bütün insanlara eyni dərəcədə təsir göstərmir. Xüsusən də yay fəslində temperaturun yüksəlməsi ilə əlaqədar bir sıra mövsümi xəstəliklər artır.
AZƏRTAC yay mövsümündə yaranan yoluxucu xəstəliklər, onlardan qorunma yolları ilə bağlı araşdırma aparıb. Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev vurğulayıb ki, qripəbənzər viruslara yoluxma səbəbindən mütəxəssisə müraciət edən xəstələrin sayında artım müşahidə olunur. Onun sözlərinə görə, qeydə alınan xəstəlik hər hansı respirator virusu deyil, günvurma halıdır.

Günvurma və respirator virus xəstəliklərinin müalicəsi də simptomları kimi bənzərdir

“Günvurma və kəskin respirator virus xəstəliklərinin simptomları çox oxşayır. Hər iki problemdə baş ağrıları, qızdırma, burun axması, halsızlıq kimi əlamətlər ola bilər. Məhz bu səbəbdən insanlar bəzən günvurma ilə yuxarı tənəffüs yolu infeksiyalarını qarışdırır. Hər iki xəstəliyin müalicəsi də simptomları kimi oxşardır. Yataq rejimi, bol miqdarda su istehlakı, ən vacibi isə normaldan yüksək temperaturlu havalarda günəşə çıxma intervalına nəzarət edilməklə xəstəliyi müalicə etmək olar. Nazik geyimlər, kepka, gün eynəkləri istifadə etməklə bu kimi halların qarşısını almaq mümkündür”, - deyə mütəxəssis bildirib.

Bəzən kondisioner sistemində yaranan bakteriyalar xəstəliklərə səbəb olur

Həkim-terapevt Ruhiyyə Yusifova isə yay mövsümündə daimi istifadə olunan kondisionerlərin sağlamlıq üçün yaratdığı mənfi təsirlərdən danışıb: “Kondisionerdən uzun müddət istifadə etmək müxtəlif bakterial xəstəliklərə, baş ağrısına, dəri problemlərinə, müxtəlif əzələ ağrılarına səbəb ola bilər. Havada olan virus və bakteriyalar kondisioner vasitəsilə olduğunuz otağa və ya avtomobilə daxil olur. Bunun nəticəsində soyuqdəymə, qrip kimi xəstəliklərə yoluxma halları baş verə bilir. Kondisionerlə yoluxan ən ağır xəstəlik isə “legionella pnevmaniyası”dır. Xəstəliyə səbəb olan isə kondisioner sistemində yaranan bakteriyadır. Bu bakteriya kondisionerlərin filtr sistemlərində törəyir və insandan-insana da yoluxa bilər. Xəstələrdə tipik sətəlcəmdən fərqli olaraq, ağciyərə və tənəffüs sisteminə aid olan şikayətlər ön planda olmur. İlk 24-48 saat içində halsızlıq, əzələ ağrıları, şiddətli baş ağrısı və narahatlıq yaranır. Daha sonra yüksək hərarət və ilk iki gün quru öskürək müşahidə edilir. Ürək bulanması, qusma, qarın ağrısı da simptomlar arasındadır. Xəstəlik 21 gün müddətində ciddi müalicə ilə sağalır. Ümumiyyətlə, südəmər uşaqların olduğu otaqda kondisioner işlədilməməlidir”.

Qızmar hava şəraitində trombun əmələ gəlməsinə meyilliliyin artması müşahidə edilə bilər

Həkim-terapevt Nuranə İsabalayevanın sözlərinə görə, yay fəslində daha çox günəş şüalarının təsirindən allergik dermatitlər formasında üzə çıxan dəri xəstəliklərinə rast gəlinir: “Vətəndaşlar əksər hallarda dəniz kənarında dincələrkən ultrabənövşəyi şüalardan qoruyan vasitələrdən - günəş kremlərindən istifadə etmirlər. Nəticədə isə xəstəliklər özünü həm dəri yanıqları şəklində, həm də həssas dərilərdə allergik formada dəri töküntüləri ilə büruzə verir. Bununla yanaşı, ürəyin işemik xəstəliklərinə də çox rast gəlinir. Qızmar hava müşahidə edilən zaman nə qədər çox su içilsə də, orqanizmdən maye ifrazı artdığı üçün tromb əmələ gəlməyə meyilliliyin artması müşahidə edilə bilər. Bəzi hallarda aşağı ətraf venalarının isti havanın təsirindən genəlməsi səbəbi ilə arterial təzyiqin qeyri-stabil olması, çox zaman isə düşməsi baş verə bilər”.
N.İsabalayeva onu da əlavə edib ki, soyuq içkilərin istehlakı kəskin respirator xəstəlikləri, həmçinin xroniki bronxitlərin kəskinləşməsi problemlərini yaradır. Bu kimi müraciətlərə də son zamanlar daha çox rast gəlinir: “İstər uşaqlar, istərsə də böyüklər arasında ən çox rast gəlinən və həm infeksion, həm də dispeptik (həzm pozulmaları) şəkildə özünü büruzə verən mədə-bağırsaq xəstəlikləri də müşahidə edilir. Böyüklərdə bu xəstəliklərə daha çox həzm pozulmaları formasında rast gəlinir. Bunlar həm soyuqdəymələrdən, həm də doğru şəraitdə saxlanılmayan qidaların (məsələn, dənizə gedərkən istifadə edilən çörəkarası məhsulların, eyni zamanda hisə verilmiş və xüsusi formada qablaşdırılmayan kolbasa və sosislərin uzun müddət günəş şüalarına məruz qalması) istifadəsindən irəli gəlir. Uşaqlarda isə mədə-bağırsaq xəstəlikləri daha çox infeksiya formasında müşahidə edilir. Doğru yuyulmayan, bəzən isə yuyulduqdan sonra həşərat və böcəklərin olduğu yerdə saxlanılan qidalar uşaqlarda infeksion formada müşahidə edilən mədə-bağırsaq xəstəlikləri yaradır”.
Mütəxəssislərin fikirlərinə əsasən qeyd edək ki, havanın isti keçdiyi günlərdə mümkün qədər günəş şüalarından qorunmaq lazımdır. Otaq şəraitində daha çox qalmaq, maye miqdarını və digər qidaları düzgün tənzimləmək, daha çox pambıq və kətan tərkibli geyimlərdən istifadə etmək tövsiyə olunur. Əks halda, mövsümi xarakterli yaranan xəstəliklər sonrakı dövrlərdə daha da inkişaf edərək müalicəsi çətinləşən problemlərə çevrilə bilər. Səhhətində istənilən problemlə qarşılaşan vətəndaşlar mütləq şəkildə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin həkim-mütəxəssislərinə üz tutmalıdır. Yalnız bu zaman istənilən xəstəliyi vaxtında aşkarlamaq və inkişafının qarşısını almaq mümkündür.

Səhiyyə 2023-08-22 15:11:00