×
A
A
A
Sazlamalar

Dünya Bankı İKTA-nın institusional quruculuğuna dair rəy və tövsiyələrini verib

Bakı, 22 avqust, AZƏRTAC

Dünya Bankı “Cənubi Qafqazda rəqəmsal iqtisadiyyatın tətbiqinə dəstək missiyası və inklüzivlik və rəqabətqabiliyyətlilik üçün yüksək sürətli rəqəmsal əlaqənin təmin edilməsinə texniki yardım” layihəsi çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) institusional quruculuğuna dair ilkin rəy və tövsiyələrini verib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, rəy və tövsiyələrdə İKTA-nın institusional quruculuğu və funksional strukturunun inkişaf etdirilməsi, İKTA mütəxəssislərinin bilik və bacarıqlarının artırılması və dünya təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulanıb.
Bundan başqa, sənəddə Dünya Bankının ekspertləri coğrafi, mədəni, siyasi və təşkilati elementləri nəzərə almaqla 4 ölkənin (Türkiyə, Litva, Fransa və Bəhreynin) tənzimləyici qurumlarına dair ümumi təhlil, hüquqi və institusional əsaslar, təşkilati struktur və idarəetmə, tənzimləmə çərçivələrinin icmalı, insan resursları, digər qurumlarla institusional problemlər və maliyyə aspektləri kimi məsələlər, eləcə də telekommunikasiya sahəsində fəaliyyət göstərən xarici tənzimləyici qurumlar üzrə tərtib edilmiş müqayisəli matris öz əksini tapıb.
Növbəti mərhələdə, Dünya Bankı və İKTA-nın mütəxəssisləri arasında ilkin hesabata dair ikinci aralıq nəticələr müzakirə ediləcək. Bundan başqa, Tənzimləyici qurumun inkişaf istiqamətlərinin müəyyən edilməsi üçün paylaşılan ən yaxşı təcrübələrə əsaslanaraq potensial variantların hazırlanması üzrə sentyabr ayında seminarın keçirilməsi də planlaşdırılır.
İKTA və Dünya Bankının ekspertləri arasında müzakirələr 2023-cü ilin sonuna kimi mütəmadi olaraq işçi qaydada davam etdiriləcək.
Qeyd edək ki, Dünya Bankı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nə nail olmaq üçün bütün iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəstək verir.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

İKT 2023-08-22 10:59:00