×
A
A
A
Sazlamalar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Qazaxda vətəndaşlarla görüşüb

Bakı, 18 avqust, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev avqustun 18-də Qazax Rayon Mərkəzi Xəstəxanasında Qazax, Tovuz və Ağstafa rayon sakinləri ilə görüşüb.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl Zaur Əliyev Ümummilli Lider Heydər Əliyevin Qazax şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Qazax, Tovuz və Ağstafa Rayon Mərkəzi xəstəxanalarının direktorlarının, Gəncə və Şəmkir filiallarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə 33 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi, dərman təminatı, kənd tibb məntəqələrinin təmiri ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, görüş Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin avqust ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

 

Səhiyyə 2023-08-18 18:49:00