×
A
A
A
Sazlamalar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində İsrail şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Bakı, 18 avqust, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrailin “Fincom”, “Raycom”, “Cysourse” və “Sensorz” şirkətlərinin, habelə “AnD Ventures” vençur fondunun nümayəndələri arasında görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, İsrailli qonaqlarla görüşlərdə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva, sədrin müşaviri Şahin Əliyev, Beynəlxalq Biznesin İnkişafı şöbəsinin müdiri Loukas Tzitzis və İnnovasiya üzrə rəhbər İqor Ovçarenko iştirak edib.
Görüş zamanı Texnopark rezidentliyi haqqında qanunun yaratdığı üstünlüklər və Avrasiya bazarının İKT potensialından yararlanmaqda Azərbaycanın doğru seçim olması haqqında məlumat verilib. Bildirilib ki, İRİA-nın dəstəyi ilə rezidentlik hüququ əldə etmək istəyən şirkətlərin Azərbaycanda filial və ya təmsilçilik təsis etmələri üçün müvafiq şərait mövcuddur.
Görüşlər əsnasında, həmçinin İsrail şirkətlərinin nümayəndələrinin Azərbaycandakı kadr potensialı, yerli və Avrasiya ekosistemindəki mövcud imkanlar haqqında sualları da cavablandırılıb.
İsrailli nümayəndə heyəti Azərbaycanın ümumi İKT mühiti ilə tanışlıqdan və müsbət nəticələnən işgüzar görüşlərdən məmnun olduqlarını ifadə ediblər.

İKT 2023-08-18 14:07:00