×
A
A
A
Sazlamalar

Xalq təbabəti - səhiyyənin keçmişi və gələcəyi arasında körpü

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 17-18-də Hindistanın Qandinaqar şəhərində keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilk qlobal sammiti xalq təbabətinə həsr olunacaq. Tədbirin əsas mövzusu səhiyyə sahəsində problemlərin həllində ənənəvi, komplementar və interqrativ (müxtəlif yanaşmaları birləşdirən) tibbin rolunun tədqiq edilməsi olacaq.
AZƏRTAC ÜST-nin saytına istinadla xəbər verir ki, sammitdə xalq təbabətinin və onun sağlamlığa təsirinin sistematik nəzərdən keçirilməsinin nəticələri, müxtəlif vasitələrin klinik effektivliyinə dair məlumatlar, eləcə də süni intellektin xalq təbabəti sahəsində təsirinə dair tədqiqatların nəticələri təqdim olunacaq.
“Ənənəvi tibbin səhiyyə sisteminə tətbiq edilməsi düşünülmüş, səmərəli və ən əsası təhlükəsiz şəkildə, ən aktual elmi məlumatların əsasında həyata keçirildikdə, o, bütün dünyada milyonlarla insan üçün yardıma çıxışda boşluqların aradan qaldırılmasına köməklik edə bilər. Bu, insanla bağlı sağlamlığa və rifaha yanaşmaların realizə edilməsində mühüm addım ola bilər”, - deyə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Qeyd olunub ki, formalaşmış ənənəvi müalicə üsulları uzunmüddətli müşahidələrin və təcrübənin nəsildən-nəslə keçməsinin nəticəsidir. Bu irs insanın ətraf mühitə uyğunlaşmaq və onunla qarşılıqlı fəaliyyət göstərmək qabiliyyətini əks etdirir. Beləliklə, bitkilərin müalicəvi xüsusiyyətlərinə dair xalqların bilikləri müasir tibbin əsasını təşkil edir.
ÜST xalq təbabəti, o cümlədən ənənəvi hind təbabətinin Ayurveda sisteminin əhəmiyyətini təsdiqləyir. Yoqa və akupunktur da xroniki xəstəliklərin müalicəsində uğurla istifadə edilən ənənəvi təcrübələrin nümunələridir.

Səhiyyə 2023-08-16 23:37:00