×
A
A
A
Sazlamalar

Payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1 milyon 546,7 min hektar təşkil edib

Bakı, 16 avqust, AZƏRTAC

Bu ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil olmaqla, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1 milyon 546,7 min hektar olub. Bu da əvvəlki illə müqayisədə 77,3 min hektar və yaxud 4,8 faiz azdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi əkin sahəsi kənd təsərrüfatı müəssisələri üzrə 21,5 faiz, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə 2,1 faiz azalıb.
Qeyd olunub ki, payızlıq əkinlərin vegetasiya dövründə havaların əlverişsiz keçməsi kənd təsərrüfatına mənfi təsir göstərib. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 1 milyon 88 min hektar sahədən yalnız 901 min hektarı (82,8 faiz, əvvəlki ildə 89,3 faiz) cari ilin yaz əkini dövrünün sonunadək salamat qalıb.
Ölkə üzrə əkin sahələrinin 958,9 min hektarını və yaxud 62 faizini dənli və dənli paxlalı bitkilərin, 114 min hektarını (7,4 faiz) texniki bitkilərin, 127,9 min hektarını (8,3 faiz) kartof, tərəvəz və bostan bitkilərinin, 345,9 min hektarını isə (22,3 faiz) yemlik bitkilərin əkin sahələri təşkil edib.


Kənd təsərrüfatı 2023-08-16 12:44:00