“Azərkosmos” Amsterdamda keçirilən “IBC 2023” beynəlxalq sərgi-konfransında iştirak edəcək
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos” bu il sentyabrın 15-dən 18-dək Niderland Krallığının Amsterdam şəhərində keçirilən “IBC 2023” beynəlxalq sərgi-konfransında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, “IBC 2023” beynəlxalq sərgi-konfransında iştirak üçün bu il 170-dən çox ölkədən 40 mindən çox nümayəndə artıq qeydiyyatdan keçib. Bu il sərgi çərçivəsində 13 zalda innovasiyaları əks etdirən stendlər qurulacaq.
“Oyun dəyişdirən yenilikləri kəşf edin” devizi altında keçirilən “IBC 2023” beynəlxalq sərgidə dünyanın aparıcı brendlərindən tutmuş sürətlə inkişaf edən startaplara qədər 1000-dən çox şirkət təmsil olunacaq. “IBC 2023”də dünyanın hər tərəfindən gəlmiş sərgi iştirakçıları və məruzəçilər yeniliklər nümayiş etdirəcəklər.
“IBC” sərgi-konfransı aparıcı İKT şirkətlərinin, kosmik agentliklərin, media və əyləncə sektorunun sənaye üçün gündəliyi tərtib və müəyyən etmək üçün toplaşdığı bir platformadır.
Qeyd edək ki, 2019-cu il 12-16 sentyabrda Amsterdamda keçirilmiş “IBC 2019” beynəlxalq sərgi-konfransı çərçivəsində “Azərkosmos” Afrika regionunda peyk üzərindən internet həlləri təklif edən “İntersat” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Azərkosmos” “Azerspace-2” peyki vasitəsilə bütün Afrika qitəsində etibarlı rabitə - internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edir. Bununla da “Azerspace-2” peyki Afrikanın ucqar bölgələrində rəqəmsal informasiyaya çıxışla bağlı problemin aradan qaldırılmasına öz töhfəsini verir.
Hazırda Azərbaycanın telekommunikasiya peykləri -“Azerspace-1” və “Azerspace-2” Afrika qitəsinin 2/3 hissəsinə internet xidməti göstərir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb