Azərbaycan mobil internetin sürətinə görə 3 pillə irəliləyib
Bakı, 16 avqust, AZƏRTAC
Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 182 ölkə arasında 29,14 Mb/s sürətlə 117-ci yerdə qərarlaşıb.
AZƏRTAC “Speedtest Global Index”ə istinadla xəbər verir ki, bu, iyun ayı ilə müqayisədə bir pillə geriləmədir. Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (247,44 Mb/s), sonuncu yeri isə Kuba (1,86 Mb/s) tutub.
Məlumatda bildirilib ki, mobil internetin sürətinə görə isə ölkəmiz iyulda 143 ölkə arasında 41,77 Mb/s sürətlə 56-cı yerdə qərarlaşıb. Bu isə iyuna nisbətən üç pillə irəliləmə deməkdir.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (205,77 Mb/s), sonuncu - 143-cü yeri isə Kuba (3,87 Mb/s) tutub.
Həmçinin iyulda Bakı şəhəri mobil internetin sürətinə görə beş pillə irəliləyərək 44,94 Mb/s sürətlə 171 şəhər arasında 73-cü yerə sahiblik edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 244,95 Mb/s sürətlə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri, sonuncu yeri isə 3,70 Mb/s sürətlə Kubanın Havana şəhəri tutub.
Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,50 Mb/s sürətlə 138-ci pillədə qərarlaşıb ki, bu da iki pillə geriləməkdir.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 195 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 271,66 Mb/s sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,81 Mb/s sürətlə sonuncu olub.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb