×
A
A
A
Sazlamalar

Nevroloji xəstəliklərlə bağlı edilən müraciətlərin 70 faizini baş ağrıları təşkil edir

Bakı, 15 avqust, AZƏRTAC

Nevroloji xəstəliklər dedikdə ilk növbədə sinir sistemi xəstəlikləri nəzərdə tutulur. Sinir sistemləri insan orqanizmini hərəkətə gətirən və onu ətraf mühitlə əlaqələndirən sistemdir. Hər bir hərəkət, davranış, ətraf mühiti qavrama, hissiyyat sistemi - bunlar hamısı sinir sistemlərini təşkil edir.
AZƏRTAC nevroloji xəstəliklər, onların əlamətləri, müalicə metodları ilə bağlı araşdırma aparıb. Mövzu ilə bağlı həkim-nevroloq Jalə Qarayeva söyləyib: “Nevroloji xəstəliklər nevrologiyanın məşğul olduğu xəstəliklərə verilən ümumi addır və diaqnoza uyğun olaraq təyin edilir. Nevroloji xəstəliklərin simptomları problemin diaqnozu ilə fərqlənir. Bəzi nevroloji xəstəliklər oxşar simptomlar göstərə bilər, lakin bu zaman mütəxəssis tərəfindən ətraflı müayinə aparılmalıdır. Nevroloji xəstəliklər çoxsaylı şikayətlə özünü göstərir. Bəzən elə olur ki, pasiyent həmin şikayətlərin nevroloji xəstəliyin əlaməti olması barədə məlumatlı olmur və digər ixtisaslı həkimlərə müraciət edir. Yalnız nevroloq ixtisaslı həkim mövcud xəstəliyi müəyyən etdikdən sonra diaqnoz qoyulur. Hər bir pasiyent özünəməxsusdur, bu səbəbdən eyni xəstəlik olsa belə, özünü müxtəlif simptomlarla göstərə bilər. Nevroloji xəstəliklərdə insanın öz-özünə diaqnoz qoyması mümkün deyil, bunu yalnız nevroloq təyin edə bilər”.
Nevroloji xəstəliklərin müalicəsində pasiyent və həkim arasında sağlam ünsiyyət olmalıdır
Həkim-nevroloq qeyd edib ki, nevroloji xəstəliklərin müalicəsi zamanı qoyulan diaqnoza uyğun plan hazırlanır. Müalicə planında, dərman müalicəsi ilə yanaşı, mövcud vəziyyəti dəstəkləmək, sağalmanı təmin etmək və ya pisləşməsini gecikdirmək üçün əlavə müalicələr tətbiq olunur. Fərd üçün uyğun müalicə planı təyin edilməlidir. Xəstənin müalicəni dayandırması mövcud vəziyyəti dəyişə bilər. Müalicənin sağlam şəkildə irəliləməsi üçün xəstə, xəstənin ailəsi və həkim arasında sağlam ünsiyyətin olması lazımdır.
Həkim-nevroloq Durna Ələkbərova qeyd edib ki, nevroloji xəstəliklərdən ən çox yayılmış baş ağrıları, boyun ağrıları, bel ağrıları formasında özünü göstərənlərdir: “Baş ağrıları da bir neçə cür təsnif olunur. Bəzən olur ki, kranial sinirlərin zədələnməsi nəticəsində olan ağrılar, bəzən xroniki ağrılar, yaxud baş beyində hər hansı onkoloji xəstəliyin əlaməti olaraq müşahidə olunur. Əgər pasiyent uzun müddətli baş ağrılarından əziyyət çəkirsə və səbəbi məlum deyilsə, dərmanla ağrılar keçmirsə, mütləq nevroloqa müraciət etməlidir. Bunu gecikdirdikdə xəstəliyin son mərhələsinə gəlir və bununla mübarizə aparmaq çətin olur. Şəxs özündə bir neçə gün baş ağrıları, yorğunluq, əzginlik, əmək qabiliyyətinin zəifləməsi kimi hallar müşahidə edirsə, həkimə müraciət etməlidir. Həkim isə müayinələr nəticəsində dəqiq səbəbi ortaya çıxarır, hətta bəzən ciddi bir xəstəliyin olduğu da aşkarlanır.
Düzgün diaqnoz və müalicə üçün xəstə vaxtında həkimə müraciət etməlidir
Bəzən baş ağrıları ilə paralel yuxarı ətraflarda keylik müşahidə olunur. Bu cür şikayətlər zamanı da nevroloqa müraciət etmək lazımdır. Bunun da qarşısı vaxtında alınmazsa, beyin qan dövranının pozulması baş verə bilər. Bundan başqa bel ağrıları da beldə olan hər hansı patologiyanın simptomu kimi özünü göstərir. Düzgün diaqnoz qoyub müalicələr etmək üçün xəstə vaxtında həkimə müraciət etməlidir. Çünki vaxtında qarşısı alınmazsa, daha ağır xəstəliklərə çevrilə bilər”.
Həkimin sözlərinə görə, hər hansı bir nahiyədə ağrı varsa, bu o demək deyil ki, mütləq olaraq nevroloqa müraciət edilsin: “Sinir ağrısı deyilən bir diaqnozu təsdiqləmək üçün ilk növbədə həmin nahiyədə sinirin kompressiyasını dəqiqləşdirmək lazımdır. Yəni, bütün ağrıları sinir ağrısı kimi qəbul etmək olmaz. Məsələn, kürək nahiyəsində olan ağrı adətən bir neçə səbəbdən baş verir. Bunun üçün ilk növbədə ağciyərin KT müayinəsi aparılmalıdır ki, ağciyərdə hər hansı patologiyanın olub-olmadığı aydınlaşsın. Əgər kürək nahiyədə ağrı orta xətdən başlayaraq qabırğalar istiqamətində yayılırsa, bu zaman sinir ağrısından şübhələnirik”.
Baş ağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilər
Durna Ələkbərova bildirib ki, nevroloji xəstəliklərə dəqiq diaqnoz qoyulduqdan sonra müvafiq müalicə metodu seçilir: “Hər bir müalicə dərman demək deyil, ola bilər ki, bu, müxtəlif fizioterapevtik proseduralarla həyata keçirilsin. Bu prosedurlarla da xəstəliklərdən qurtulmaq olur. Bəzən isə normal qidalanmaq, düzgün həyat rejimi kimi verilən müvafiq tövsiyələrlə də xəstə normal həyat fəaliyyətinə qayıdır. Bəzən də dərman müalicəsi tətbiq etməklə orqanizmin zəifləmiş funksiyasını bərpa edirik. Əgər bunların heç birinin effekt vermədiyi daha ağır durum olarsa, bu zaman neyrocərraha müraciət edilir və müvafiq cərrahi metod seçilir. Bu səbəbdən qeyd etdiyim şikayətləri hiss etdikdə vaxtında həkimə müraciət etmək məsləhətlidir”.
Həkim-nevroloq Yeganə Rəşidova isə nevroloji xəstəliklər səbəbindən yaranan baş ağrıları haqda danışıb: “Baş ağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilər. Amerikalı alimlərin apardığı nəticəsinə görə, nevroloji xəstəliklərlə bağlı edilən müraciətlərin 70 faizini baş ağrıları təşkil edir. Bəzən xəstələr özlərini evdə müalicə etməyi seçirlər. Lakin bu düzgün deyil. Qəbul edilən ağrıkəsici preparatlar baş ağrısını müəyyən müddət kəsəcək. Bu isə, ümumiyyətlə, müalicə deyil. Əgər həftədə iki dəfə baş ağrıyırsa, həkim-nevroloq müraciət edilməlidir. Çünki baş ağrısının səbəbləri müxtəlif olur. Yalnız müayinələr nəticəsində xəstəyə düzgün diaqnoz qoymaq mümkündür. Bu səbəbdən baş ağrı zamanı mütləq həkimə müraciət etməyiniz məqsədə uyğundur.

 

 

 

 

 

 

Səhiyyə 2023-08-15 16:25:00