×
A
A
A
Sazlamalar

Pakistan şirkəti Azərbaycanda İKT üzrə təlim və startapların inkişafında maraqlı olduğunu açıqlayıb

Bakı, 15 avqust, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə ölkəmizdə işgüzar səfərdə olan Pakistanın “9D Technologies” şirkətinin nümayəndə heyətinin dövlət və özəl qurumlarla ikitərəfli görüşləri davam edir. Belə ki, pakistanlı heyətin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Məşğulluq Agentliyi ilə görüşləri baş tutub. Müvafiq qurumlarla ikitərəfli görüşlər zamanı əməkdaşlıq və tərəfdaşlıq imkanları müzakirə edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ilə keçirilən görüşdə Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin inkişafından bəhs edilib, əməkdaşlığın ildən-ilə genişləndiyi vurğulanıb. Qonaqlara ölkəmizdə rəqəmsal məşğulluq xidmətlərinin qurulması istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verilib.
“9D Technologies” şirkətinin nümayəndələri Azərbaycanda yerli kadrların işlə təmin edilməsində maraqlı olduqlarını ifadə ediblər və Dövlət Məşğulluq Agentliyi İRİA ilə əməkdaşlıq çərçivəsində bu təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə keçirilən görüşdə “9D Technologies” şirkətinin baş direktoru Abdul Salam Azərbaycanla olan əməkdaşlığın müxtəlif sahələrinə maraq göstərdiyini bildirib. Tərəflər arasında İKT üzrə təlim və startapların inkişafı, KOB-lara dəstək sahəsində geniş əməkdaşlıq imkanlarının əhatəli müzakirəsi baş tutub. KOBİA, xüsusilə də “9D Technologies” şirkətinin kiçik və orta sahibkarlıq subyektlərinin vətəndaşlar və digər qurumlarla qarşılıqlı əlaqələrinin rəqəmsallaşdırma imkanını dəyərləndirməkdə maraqlı olduğunu açıqlayıb.
Qeyd edək ki, “9D Technologies” şirkətinin Azərbaycana səfəri qlobal və yerli İKT şirkətlərinə vergi güzəştləri və imtiyazlar təqdim edən texnopark rezidentliyi çərçivəsində baş tutub.

İKT 2023-08-15 11:09:00