×
A
A
A
Sazlamalar

Provayderlərin fəaliyyətlərinin genişləndirilməsi üçün bəzi keyfiyyət standartlarının tətbiqi lazımdır - Ekspert

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən provayderlərin fəaliyyətlərinin daha da genişləndirilməsi və xidmətlərinin keyfiyyətinin artırılması üçün dövlət tərəfindən bəzi keyfiyyət standartlarının qoyulması lazımdır.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.
Qeyd edib ki, Azərbaycanda internet-telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün lisenziya tələbi yoxdur: “Bu fəaliyyət ilə məşğul olan şirkətlərdən qanuni tələb budur ki, fəaliyyətə başladığı gündən 15 gün ərzində qeydiyyatdan keçməlidirlər. Misal üçün yeni bir şirkət Vergilər xidmətində qeydiyyatdan keçib, fiziki və ya hüquqi şəxs kimi formalaşdıqdan sonra və ya yeni mövcud bir şirkət sektorunu dəyişib internet-telekommunikasiya fəaliyyəti ilə məşğul olmaq istərsə, yəni fiber-optik internetin verilməsi və ya digər internet xidmətlərinin təmin edilməsi ilə bağlı fəaliyyətə başlayandan sonra Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu - İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet provayder kimi qeydiyyatda durmalıdır. Müraciətlər elektron formada qeydiyyata alınır, proses çox sadə və bəsitdir. Bu prosesin nəticəsi olaraq dövlət bu şirkəti provayder kimi tanıyır. Bu, sadəcə, qeydiyyatdır, lisenziya deyil. Hər hansı bir istehlakçı hüququ pozulduğu zaman və ya xidmətdə qüsur ərsəyə gəldiyində İKTA bu provayderi yalnız cərimələmək hüququna malikdir. İKTA-nın provayder şirkətinin fəaliyyətini məhdudlaşdırmaq və ya müəyyən standartlar tətbiqinə məcbur etmək kimi bir səlahiyyəti yoxdur”, - deyə ekspert vurğulayıb.
Son zamanlar əhali arasında internetin sürətindən şikayətlərin olmasına cavab olaraq Elvin Abbasov deyib ki, bu istiqamətdə ölkəmizdə qəbul olunan standart meyarların olmaması şirkətlərdən də birbaşa keyfiyyət tələb etməyi çətinləşdirir: “Şəxsi araşdırmalarıma əsasən, fəaliyyət göstərən internet provayderlərin xidmət göstərməsində standartların nəzarəti barədə qaydalarda belə bir şərt yoxdur. Təəssüflər olsun ki, belə şərtlərin olmaması, bu xidməti göstərən şirkətlərin istifadə etdiyi avadanlıqlar hansı beynəlxalq standartlara uyğun olub-olmaması, bu provayderlərin şirkət daxili standartların mövcudluğu belə sual altındadır. Çünki ölkəmizdə provayderlər tamamilə azad şəraitdə fəaliyyət göstərirlər. Dövlət tərəfindən qeydiyyata alındıqdan sonra belə onların fəaliyyətinə hər hansı şərtlər, standartlar, keyfiyyət göstəriciləri, hər hansı qaydalar, istehlakçılara münasibətlərin tənzimlənməsi üzrə qaydalar tətbiq olunmur. Lakin istehlakçı hər hansı bir problemlə bağlı (internetin sürəti aşağıdır, düzgün işləmir, ödəniş olunduğu məbləğə uyğun internet sürəti əldə edə bilmirik) provayderdən İKTA-ya şikayət etdiyi halda qurum ancaq cərimə tətbiq edə bilər. Lakin dövlətin müəyyən etdiyi keyfiyyət tələbləri, müəyyən edilmiş avadanlıq standartları olsa, bu halda istehlakçıda provayderdən keyfiyyətli internet xidməti tələb edə bilər. Belə olan halda, şirkətdə də istənilən bir xidmət meyarlara söykənər. Meyarlar və kriteriyalar mövcud olmayanda keyfiyyətə stimul verəcək bir təkan olmayacaq.
İstehlakçı hüquqlarının qorunması üçün standartların olması vacibdir. İnternet xidməti bu gün çox önəmlidir. Artıq bir sıra ənənəvi xidmətlər rəqəmsallaşır. Belə ki, internet xidməti rəqəmsal iqtisadiyyatın dayanıqlılığını təmin edir. İnternet artıq həyatımızda aparıcı rol oynayır. Dövlət və özəl sektorlarda xidmətlərin bir çoxu internet vasitəsilə fəaliyyət göstərir, həmçinin bura startapların fəaliyyət məkanıdır. İnternet artıq kommunal sahəyə çevrilib. Bir insana yaşamaq üçün işıq, su, qaz nə dərəcədə əhəmiyyət daşıyırsa, internet də bu səviyyəyə gəlib çatıb. Artıq Azərbaycanın bir sıra regionlarında “ağıllı şəhər”, “ağıllı kənd”lər tikilir. Burada təbii ki, hər şey internetlə işləyir. Buna görə internetin də keyfiyyət göstəricisi olmalıdır. Necə ki, suyun, qazın keyfiyyət göstəricisi vacibdir, eləcə də internetin sürətli və dayanıqlı olması şərtdir.
Mən demirəm ki, internet provayderlərin fəaliyyəti məhdudlaşdırılsın və ya lisenziya tələb olunsun, əksinə, azad bazarda fəaliyyətlərini daha da genişləndirsin. Lakin onların öz fəaliyyətlərini daha da genişləndirməsi və xidmətlərinin keyfiyyətinin artırılması üçün dövlət tərəfindən bəzi keyfiyyət standartlarının qoyulması lazımdır”, - deyə Elvin Abbasov bildirib.

İKT 2023-08-14 21:02:00