×
A
A
A
Sazlamalar

Sabirabadda süni mayalanma ilə 3503 baş buzov əldə olunub

Sabirabad, 12 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonu ərazisində bu ilin altı ayında kənd təsərrüfatı müəssisələri əhali və kəndli fermer təsərrüfatlarında iribuynuzlu mal-qara 125791 baş, xırdabuynuzlu 243773, quşların sayı isə 1546722 ədəd olub. Keçən ilin müvafiq dövründən xırdabuynuzlu heyvanların sayı 10018 baş, iribuynuzlu heyvanların sayı isə 2394 baş artıb.
Sabirabad Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində 7222 baş heyvan, onlardan 1200 baş təkrar süni mayalandırılıb. Bu müddət ərzində süni mayalanmadan 3503 baş bala alınıb. Kənd təsərrüfatında gözlə görünən inkişaf tendensiyası heyvandarlıq məhsullarından da yan keçməyib.
Ət istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 1051 sentner artaraq 93910 sentnerə, süd istehsalı 3124 sentner artaraq 608763 sentnerə çatıb. Yumurta istehsalı da, həmçinin 43 milyon 437 min ədəd artaraq 106 milyon 285 min ədəd olub.
Xırdabuynuzlu heyvanlarda yanvar ayından yun qırxma başlayaraq iyun ayının sonuna qədər 601 ton yun tədarük olunub.

 

Kənd təsərrüfatı 2023-08-12 14:29:00