×
A
A
A
Sazlamalar

İyun-iyul aylarında təcili yardıma suda boğulma ilə əlaqədar 42 müraciət daxil olub

Bakı, 11 avqust, AZƏRTAC

Ölkə üzrə 2023-cü ilin iyun-iyul aylarında suda boğulma ilə əlaqədar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 42 müraciət daxil olub. Bu müraciətlərin 23-ü Bakı şəhərinin payına düşür. Belə ki, Bakı şəhərində 23 müraciətin 6-da hospitalizasiya icra edilib, 6-da yerində tibbi yardım göstərilib, 11-də isə həkimə qədər ölüm qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə təcili tibbi yardım həkimləri üçün “İstivurma, günvurma və suda boğulmalar zamanı ilk yardım” adlı vebinarda TƏBİB-in İlkin səhiyyə və təcili yardım departamentinin Təcili tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Emil İskəndərov deyib.
Sonra vebinarda ÜST-nin ekspertləri Özgür Karcıoğlu, Atilla Rıdvan və Başak Bayram tərəfindən ən son protokollar əsasında hazırlanmış “İstivurma, günvurma və suda boğulmalar zamanı ilk yardım” ilə bağlı məruzələr təqdim edilib.
Sonda həkimlərin sualları cavablandırılıb və bu sahədə həkimlərə mütəmadi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, vaxtında və düzgün ilk yardım göstərməklə suda boğulanı həyata qaytarmaq mümkündür. Suda boğulmanın ilk dəqiqələrində zərərçəkənlərin 90 faizini, 6–7 dəqiqədən sonra isə yalnız 1–3 faizini xilas etmək mümkündür. Boğulan şəxsi sudan çıxardıqdan sonra ilk tibbi yardım tədbirləri başlanmalıdır.
Su bərk yad cisim olmadığına görə tənəffüs yollarını tutmur. Ona görə də suda boğulma təhlükəsi ilə qarşılaşan insanın tənəffüs yollarına və mədəsinə yığılmış suyun xaric edilməsinə vaxt itirmək lazım deyil. Dərhal ürək-ağciyər reanimasiyası başlanmalı və Təcili tibbi yardım xidmətinə müraciət edilməlidir. Zərərçəkəni arxası üstə uzadıb ağızdan iki uğurlu nəfəs vermək lazımdır. Sonra isə ürəyin qapalı masajı 1 dəqiqədə 120 təzyiq olmaqla icra edilməli və sonra yenə də 2 dəfə tənəffüs verilməlidir. Bu hərəkətlər ən az 5 dövr təkrarlanmalıdır.

Səhiyyə 2023-08-11 10:50:00