×
A
A
A
Sazlamalar

Pakistanın İKT sahəsində lider şirkəti “9D Technologies” İRİA-nın qonağı olub

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Pakistanın İKT sahəsində lider şirkəti “9D Technologies”i təmsil edən heyət İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) olub.
AZƏRTAC xəbər verir ki, İKT şirkətini təmsil edən heyət ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, sədr müşaviri Şahin Əliyev, beynəlxalq biznesin inkişafı üzrə rəhbər Loukas Tzitzis və innovasiya üzrə rəhbər İqor Ovçarenko arasında görüş reallaşıb.
Sədr əvəzi İnarə Vəliyeva pakistanlı heyətə Azərbaycanda İKT-nin ümumi inkişaf mənzərəsi, xüsusilə də qlobal İKT şirkətlərinə təqdim olunan texnopark rezidentliyi və bu rezidentliyin gətirdiyi imtiyazlar, vergi güzəştləri barədə məlumat verib. Görüşdə, həmçinin Azərbaycanda elektron hökumət və startap ekosisteminin əldə etdiyi nailiyyətlər pakistanlı qonaqların diqqətinə çatdırılıb.
“9D Technologies” şirkətinin baş direktoru Abdul Salam Azərbaycanın innovasiya və rəqəmsallaşma sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib və bunun beynəlxalq əməkdaşlıq üçün önəmli faktor olduğunu vurğulayıb.
Görüşün nəticəsi olaraq Pakistan heyəti ilə İKT sahəsində əməkdaşlığın genişləndirilməsi və rəqəmsallaşma aspektində təcrübə mübadiləsinə dair olduqca əhatəli fikir mübadiləsi aparılıb, gələcək layihələrin reallaşdırılması üçün görüləcək işlərin yol xəritəsi müzakirə edilib.

İKT 2023-08-10 20:08:00