×
A
A
A
Sazlamalar

İRİA-nın nümayəndələri Tbilisidə keçiriləcək “Surge Summit”də ölkəmizi təmsil edəcəklər

Bakı, 10 avqust, AZƏRTAC

“Paşa Holding” şirkətlər qrupunun dəstəyi ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) olan nümayəndə heyəti sentyabrın 5-7-də Tbilisidə keçiriləcək “Surge Summit” tədbirində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, İRİA heyətindən innovasiya üzrə rəhbər İqor Ovçarenko və “Caucasus Ventures” şirkətinin rəhbəri Məmməd Kərim tədbirdə çıxış edəcəklər. Onlar Azərbaycanda startap ekosisteminin ümumi mənzərəsini əks etdirən məlumatları, yeniliklər, tendensiyalar və ekosistemin üzləşdiyi çağırışlarla bağlı müşahidələrini tədbir iştirakçıları ilə paylaşacaq.
Qeyd edək ki, heyətin tərkibində Azərbaycanın “Wideely”, “Reluxe Collection”, “Budgety”, “Best.az” və “Perkskit” MMC kimi tanınmış və parlaq startapları da yer alır. “Surge Summit”də bu startapların öz innovativ texnoloji həlləri və müştəri yönümlü məhsulları haqqında bəhs etmək imkanı olacaq. Tədbirin digər üstünlüyü də startaplarımızın “pitching” sessiyalarında da iştirak etməsidir.
“Surge Summit” birmənalı olaraq startaplarımız üçün tanıtım, işbirliyi imkanlarının dəyərləndirilməsi, ekosistem çərçivəsində yeni bazarlara çıxış əldə edilməsi və qlobal startap icmasından olan nüfuzlu simalarla şəbəkələşmə baxımından unikal fürsətdir.
İRİA-nın nümayəndə heyəti geniş anlamda “Surge Summit” tədbirində yeni perspektivli tərəfdaşlıqları üzə çıxarmağı, sahənin aparıcı liderləri ilə Azərbaycanın ekosistem oyunçularını bir araya gətirməyi və ən qabaqcıl tərcübələri öyrənərək ölkəmizdə tətbiqinin təşviq edilməsini hədəfləyir.

İKT 2023-08-10 16:31:00