×
A
A
A
Sazlamalar

Uçota durmayan internet provayder cərimələnib

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu - İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) bəyan edir ki, istehlakçı şikayəti əsasında Abşeron rayonu, Xırdalan şəhərində “BHS Fiber” adı altında fəaliyyət göstərən “Netim Telekom” MMC internet provayderi tərəfindən uçotadurma qaydalarının pozulduğu müəyyən edilib. Belə ki, internet provayderin təqdim etdiyi xidmətdən narazı qalan istehlakçının şirkətin rəsmi adını müəyyən edə bilməməsi və şirkətlə əlaqə saxlamaqda yaranmış çətinliklər onun haqlı narazılığına səbəb olub və şikayəti əsasında araşdırma zamanı provayderin uçota alınmaması aşkar edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı internet telekommunikasiya xidməti göstərən provayderin hüquqi məlumatları müəyyən edilib. İnternet provayder uçotadurma qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokolun tərtib edilməsi təmin edilib və məhkəmənin müvafiq qərarı ilə barəsində inzibati cərimə tənbehi tətbiq edilib.
Telekommunikasiya sahəsində tənzimləmənin və nəzarətin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirlər çərçivəsində İKTA telekommunikasiya istehlakçılarına müraciət edərək gələcəkdə bu cür hallarla qarşılaşdıqları təqdirdə bu link vasitəsilə uçota alınmış operator və internet provayderlərin siyahısında xidmət provayderinin adının olub-olmamasını dəqiqləşdirmələrini tövsiyə edir.
Qurum telekommunikasiya bazarında tənzimləmə işlərinin həyata keçirilməsi və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması, uçota durmaq istəyən internet provayder və operatorlara metodiki dəstəyin göstərilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

İKT 2023-08-10 16:30:00