×
A
A
A
Sazlamalar

Müharibədən əziyyət çəkənlərin psixi sağlamlıq haqqında məlumatlılığı artırılır

Bakı, 10 avqust, AZƏRRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsi çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə avqustun 4-də Ağdam Rayon Mərkəzi Xəstəxanasında, avqustun 7-də isə Tərtər rayonunda yaşayan əhali arasında maarifləndirmə kampaniyası təşkil edib.
AZƏRTAC nümayəndəliyin saytına istinadla xəbər verir ki, kampaniyanın məqsədi psixi sağlamlıq və psixososial dəstək ehtiyacları, habelə münaqişələrin bitməsindən sonra müharibədən əziyyət çəkən şəxslərin psixi sağlamlığına, rifahına təsiri haqqında məlumatlılığı artırmaq olub. Stres, depressiya, təşviş və posttravmatik stres pozuntusu kimi psixi sağlamlıq halları, eləcə də mübarizə mexanizmləri haqqında məlumat əldə etmək istəyən əhali üçün psixoloqlarla ödənişsiz görüşlər təşkil edilib.
Maarifləndirmə kampaniyası zamanı layihənin psixoloq və sosial işçiləri xəstəxanaya gələn əhalini psixi sağlamlıq barədə məlumatlandırıb, onların stres və narahatlıq səviyyələrini qiymətləndirmək üçün testlər keçiriblər. Eyni zamanda, vətəndaşlara stres, depressiya, təşviş və posttravmatik stres pozuntusu kimi psixi sağlamlıq halları, eləcə də mübarizə mexanizmlərinə dair məlumatlardan ibarət broşürlər paylanılıb.

Səhiyyə 2023-08-10 11:28:00