×
A
A
A
Sazlamalar

Samuxda bu il 3134,2 hektar təkrar əkin aparılıb

Bakı, 8 avqust, AZƏRTAC

Son illər kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət qayğısının artırılması, yəni subsidiyaların, güzəştli şərtlərlə mineral gübrələrin və pestisidlərin, lizinq yolu ilə kənd təsərrüfatı texnikasının verilməsi rayonda kənd zəhmətkeşlərinin torpağa olan həvəsini daha da artırıb. Bunun nəticəsidir ki, 2023-cü ilin I yarımilində rayon üzrə kənd təsərrüfatı məhsullarının istehsal həcmi 74474,9 min manat olub. Bu isə əvvəlki ilin müvafiq dövrünün göstəricilərini 9,5 faiz üstələyib.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli Sərəncamına əsasən təkrar əkinlər aparan kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi təkrar əkinlərin həyata keçirilməsini daha da stimullaşdırıb. Belə ki, rayonda iyulun 1-dək 3134,2 hektar təkrar əkin aparılıb ki, bunun da 584,5 hektarı əhali təsərrüfatlarının, 2549,7 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür. Təkrar əkinin 2209,7 hektarı qarğıdalı, 900,0 hektarı günəbaxan, 7,5 hektarı birillik otlar, 14,0 hektarı darı və 3,0 hektarı isə lobya olub. Təkrar əkinlərin aparılmasına mövcud iqlim şəraitindən əlavə Şəmkir Maşın Su Kanalının işə düşməsi, əkin sahələrində mineral və üzvi gübrələrdən normal qaydada istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının satış bazarlarının artırılması da müsbət təsir göstərir. Rayonda təkrar əkinlərin aparılması davam edir.

Kənd təsərrüfatı 2023-08-08 21:27:00