×
A
A
A
Sazlamalar

Şəkidə heyvan sahiblərinə yeddi ayda 206 min manat subsidiya hesablanıb

Şəki, 8 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Şəki rayonunda 5738 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 1059 baş çoxdur. Həmin müddətdə süni mayalanma yolu ilə alınan buzovların sayı isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 379 baş artaraq 2322 baş olub. Yeddi ayda Şəki rayonu üzrə 1819 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 2062 baş cinsi yaxşılaşdırılmış buzova görə 206,2 min manat subsidiya hesablanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. İndiyədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştli şərtləri ilə satılan 412 baş damazlıq düyə alınıb. Bu işin gələcəkdə də davam etdirilməsi məqsədi ilə fermerlər arasında maarifləndirici söhbətlər aparılır. Eyni zamanda, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.
Nazim Rəcəbov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, damazlıq cins heyvanların dəyərinin 60 faizinin dövlət büdcəsindən ödənilməsi, süni mayalanma yolu ilə əldə olunmuş hər baş buzova görə 100 manat subsidiyanın verilməsi, süni mayalanma xidməti üzrə infrastrukturun dövlət tərəfindən təmin edilməsi, kənd təsərrüfatı heyvanları və quşlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı müalicə-profilaktika və diaqnostika tədbirlərinin aparılması heyvandarlıq sahəsinin ilbəil dinamik inkişafını təmin edən əsas amillərdən olub.
Sektor müdirinin sözlərinə görə, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən, süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə heyvan sahibinə 100 manat məbləğində subsidiyanın verilməsinə başlanılandan sonra şəkili fermerlərin süni mayalandırma tədbirlərinə marağı xeyli artıb. Belə ki, 2015-ci ildə süni mayalandırılan heyvanların sayı 3752 baş olduğu halda, ötən il bu göstərici 2,1 dəfəyədək artaraq 7872 başa çatıb. Ümumiyyətlə, sərəncamın icrası olaraq, 2016-cı ildən indiyədək Şəki rayonu üzrə 14 min 407 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 16 min 961 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə 1 milyon 696 min 100 manat subsidiya ödənilib.

Kənd təsərrüfatı 2023-08-08 02:57:00