×
A
A
A
Sazlamalar

Bəzi qidalar yay aylarında orqanizm üçün təhlükəli ola bilər

Bakı, 7 avqust, AZƏRTAC

Yay fəslində havaların isti keçməsi orqanizmdə bir sıra dəyişikliklərə səbəb olur. İsti havada orqanizm bədən temperaturunu sabit saxlamaq üçün tər ifrazını artırır ki, bu da nəticə etibarı ilə həm maye, həm də elektrolit (əritdikdə elektrik cərəyanı keçirən maddələr) itkisi yaradır.

Yayda qidalardan insanlara keçən virus xəstəliklərin sayında artım müşahidə olunur

AZƏRTAC yay aylarında orqanizm üçün təhlükəli ola biləcək qidalarla bağlı araşdırma aparıb. Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib: “Bütün mövsümlərdə sağlam və düzgün qidalanmaq şərtdir. Lakin xüsusilə yay aylarında qidaların hansı şərait və qaydada saxlanmasına diqqət etmək lazımdır. Çünki yay mövsümündə qida zəhərlənməsi, eyni zamanda qidalardan insanlara keçən virus xəstəliklərin sayında artım müşahidə olunur. Çəkilmiş ət, balıq, göbələk, süd məhsulları kimi bəzi qidalardan istifadə edərkən onun saxlanılma şəraitinə ciddi fikir verilməlidir”.
Qastroenteroloq bildirib ki, ümumiyyətlə normadan artıq yemək qəbulu orqanizm üçün zərərlidir. Yay aylarında qarışıq qidalanma yəni, yeməkdən sonra meyvə-tərəvəz, müxtəlif növ şirniyyatların istehlakı ciddi həzm pozuntuları ilə nəticələnir.
“Havaların isti keçməsi səbəbindən iştahasızlıq normaldır. Bu səbəbdən də yüngül həzm edilən qidalara üstünlük verilməli, qatıq, ayran, tərəvəz və bol zülallı qidalar istehlak olunmalıdır. Yay mövsümündə çəki itkisi təbii prosesdir. Patoloji çəki itkisi hər hansı xəstəliyin göstəricisi demək deyil. Bu sadəcə mövsümlə əlaqəlidir. Əsas məsələ yay mövsümündə maye balansının qorunmasıdır. Gün ərzində bol maye, eyni zamanda tərkibində su miqdarı çox olan qidaların (pomidor, xiyar, yemiş, qarpız) istehlakı məsləhət görülür”, - deyə E.Məmmədov əlavə edib.

İsti keçən yay aylarında meyvə və tərəvəzlərdən bol-bol istifadə edilməlidir

Həkim-terapevt Günel Fətəliyevanın sözlərinə görə, yay mövsümündə və havanın isti keçdiyi dövrlərdə duz və duzlu qidaları (şorbalar, kolbasa məhsulları, çipslər və digər) mümkün qədər azaltmaq lazımdır: “Bu cür qidalar bədəndə yüksək təzyiq və ödəm (bədəndə şişkinlik) yaratmaq xüsusiyyətinə malikdir. Ət və ət məhsullarını qızartmaq əvəzinə manqalda bişirməklə ya da soyutma halında qəbul edilə bilər. Salatlar hazırlanarkən mayonez, ketçup kimi yağlı sousların yerinə sirkə, limon suyu, bitki yağı istifadə edilməlidir. Un məmulatlarından hazırlanmış şirniyyatların əvəzinə dondurmalar, meyvə salatları və süddən hazırlanan şirniyyatlara üstünlük verilməlidir. Ümumiyyətlə, isti keçən yay aylarında meyvə və tərəvəzlərdən bol-bol istifadə edilməlidir”.
Həkim-terapevt qeyd edib ki, yay aylarında yağların və karbohidratların qəbulunu azaltmaq məsləhətdir: “Həddən çox kalorili qidalanma piy kütləsinin çoxalmasına, çəki artımına, həmçinin insanın halsız və əzgin olmasına gətirib çıxarır. Diabet xəstələrində hipoqlikemiyaya (qan şəkərinin ani düşməsi) çox rast gəlinir ki, bunun da qarşısını almaq məqsədilə yemək aralarında quru meyvələrdən, eyni zamanda ayrandan istifadə etmək uyğundur”.
G.Fətəliyev digər fəsillərlə müqayisədə yay mövsümündə, xüsusən də havanın isti keçdiyi günlərdə maye qəbulunu artırmağın mütləq olduğunu deyib: “Çünki hava isindikcə orqanizm bədən temperaturunu sabit saxlamağa çalışır. Bu zaman isə orqanizm tər ifrazını artırır və nəticədə bədəndə maye itkisi yaranır. Gün ərzində, təxminən 2,5-3 litr su qəbul edilməsi məsləhətdir. İlk seçim əlbəttə ki, sudur. Lakin tərlə həm də elektrolitlər itirildiyindən ayran və mineral sulara da üstünlük verilməlidir. Bununla yanaşı, bitki çayları və təzə çəkilmiş meyvə şirələri də içilə bilər. Çay və qəhvə isə isti və soyuq halda məsləhət deyil. Çünki bunlar qısa müddətə maye ehtiyacını ödəsə də, sonradan maye itkisinə səbəb olurlar. Bundan əlavə, yay mövsümündə qida zəhərlənmələri artdığından ərzaqların son istifadə tarixinə və saxlanma şəraitinə mütləq diqqət yetirilməlidir”.

Qəbul edilən zərərli yağların bitki mənşəli yağlarla əvəz olunması məqsədəuyğundur

Həkim-pediatr Zülfiyyə Qənbərova isə yayda saxlanılan pəhriz metodları haqda danışıb: “İsti havalarda insanların fiziki fəaliyyəti, eyni zamanda enerji xərcləri azalır. Bu səbəbdən yay aylarında pəhrizin kalori miqdarını azaltmaq məntiqlidir. Bunu isə qəbul edilən zərərli yağların bitki mənşəli yağlarla əvəz olunması hesabına etmək daha məqsədəuyğundur. Yayda pəhrizin əsasını təzə tərəvəz və göyərti təşkil etməlidir. Kahı, turşəng, gicitkən, şüyüd, cəfəri, reyhan minerallar, vitaminlər, pəhriz lifi və digər faydalı maddələrin layiqli mənbəyidir. Tərəvəzləri bişirmədən çiy yemək daha yaxşıdır. Yay pəhrizi üçün salat ideal yeməkdir, sadəcə onu mayonezlə deyil, evdə hazırlanmış qatıq, xama, bitki yağları və ya sitrus suyu ilə ədviyyat edin".
Həkim-pediatr qeyd edib ki, hər mövsümün özünəməxsus tərəvəz və meyvələrinin istehlakı daha çox tövsiyə edilir. Balqabaq, xiyar, pomidor, kələm, bibər və digər tərəvəzlər bədənin vitaminlərə, minerallara və antioksidantlara olan ehtiyacı ödəyir.
Pediatr duz qəbulunu məhdudlaşdırmağı da məsləhət görüb. Bildirib ki, bədəndəki maye ehtiyatını, hətta susuzluq hissi görünməzdən əvvəl, vaxtında doldurmağı məsləhət görürük. Optimal - hər saat yarım stəkan su içmək (gündə 2-2,5 litr) tövsiyə olunur.
"Gün ərzində maye ehtiyacını ilıq çaylar içməklə kompensasiya edin. Qurudulmuş meyvələrlə çaylar və təzə otlardan hazırlanmış bitki çayları faydalıdır. Susuzluğunuzu yatırmayan və orqanizm üçün faydadan daha çox ziyanı olan şəkərli qazlı içkilərdən imtina edin. Təbii vitaminlərin və antioksidantların ən yaxşı mənbəyi meyvə və giləmeyvədir. Səhərlər mövsümi giləmeyvə və meyvələr yeyin", - deyə Z.Qənbərova qeyd edib.

Səhiyyə 2023-08-07 17:37:00