×
A
A
A
Sazlamalar

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 2268 ton yaşıl tütün qəbul edib

Zaqatala, 7 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə “Azərtütün” ASC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 620,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bunun 62,7 hektarı şirkətin özünə aid, 557,4 hektarı isə fermerlərə məxsus sahələrdir. Hazırda sahələrdə yaşıl tütün yarpağının dərimi davam edir. İndiyədək ASC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 2267,9 ton yaşıl tütün kütləsi daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib.
ASC-dən bildirilib ki, bu günədək emal məntəqələri Şəki rayonu üzrə istehsalçılardan 872,9 ton, Balakən rayonu üzrə 564,4 ton, Qax rayonu üzrə 396,7 ton, Zaqatala rayonu üzrə 384,6 ton, Oğuz rayonu üzrə isə 49,2 ton yaşıl tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək emal məntəqələrində yaşıl tütün kütləsindən 41,3 quru tütün istehsal olunaraq anbarlara yığılıb.
Hazırda bu rayonlardakı tütün istehsalı və emalı məntəqələrində, ümumilikdə 262 tütünqurutma kamerası var. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Hər kameraya bir dəfəyə 8 tonadək yaşıl tütün kütləsi yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Bu proses başa çatdıqdan sonra quru tütün anbarlara yığılır və daha sonra emal olunmaq üçün zavoda göndərilir.

Kənd təsərrüfatı 2023-08-07 12:47:00