×
A
A
A
Sazlamalar

Körpələr doğulduğu gündən 6 ayına qədər yalnız ana südü ilə qidalanmalıdır

Bakı, 5 avqust, Aytac Haqverdiyeva, AZƏRTAC

Hər il avqustun 1-dən 7-dək dünyanın 170-dən çox ölkəsində Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi keçirilir. Məqsəd ana südünün körpələri bir çox xəstəlikdən qoruya biləcəyini geniş ictimaiyyətə izah etməkdir. Onun təsis edilməsi 1990-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən ana südü ilə qidalanmanın qorunması, təşviqi və dəstəklənməsinə yönəlmiş İnnoçeti Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədardır.

Ana südü uşağın sinir sisteminə, əqli və fiziki inkişafına müsbət təsir göstərir

AZƏRTAC Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi ilə əlaqədar araşdırma hazırlayıb. Mövzu ilə bağlı həkim-pediatrı Sevinc Vəliyeva deyib: “Ana südü təkcə körpələrin çəkisinin artmasına deyil, ən əsası immun sisteminin formalaşmasına kömək edir. Çünki ana südünün tərkibi yağ, zülal, karbohidratlar, minerallar və vitaminlərlə zəngindir. Körpələr doğulduğu andan 6 ayına qədər yalnız ana südü ilə qidalanmalıdır. Bəzən analar südün su kimi olmasını və ya digər şikayətləri əsas gətirərək həkimə müraciət edirlər və uşağa süd verməkdən imtina edirlər. Lakin uşaqları 6 ay ərzində süni əvəzedici qidalardan uzaq tutmaq lazımdır”.
Həkim-pediatr ana südünün kifayət qədər olmadığı halda mütəxəssisə müraciətin vacib olduğunu qeyd edib: “Pediatrlar ana südünün miqdarını müayinələrlə təyin edə bilir. Doğrudur, bəzən südün azlığı müşahidə edilən analara rast gəlinir. Ancaq unutmaq olmaz ki, miqdar yetərli qədər olmadıqda, müxtəlif üsullar vasitəsilə südün miqdarını artırmaq mümkündür. Ana südünün miqdarına təsir edən amillər sırasında həm də sosial-iqtisadi və psixoloji məqamlar da var. Bu baxımdan ailə ilə profilaktik söhbətlər aparırıq. Çünki süd verən analara evdə xüsusi diqqət və qayğı lazımdır ki, anaların orqanizmində hər hansı dəyişikliklər baş verməsin. Anaya təsir edən neqativ hallar istər-istəməz körpəyə də təsirsiz ötüşmür”.
Altı aydan sonra 2 yaşına qədər körpələrin əlavə qida ilə yanaşı, mütləq ana südü ilə qidalanmalı olduğunu deyən Sevinc Vəliyeva bildirib ki, ana südü uşaqları bütün infeksion xəstəliklərdən qoruyur: “Bu səbəbdəndir ki, körpələr doğulduğu andan 6 ayına qədər sırf ana südü ilə qidalandığı üçün infeksion xəstəliklərə yoluxmurlar. Ana südü körpəyə hazır antitellər ötürməklə onların immun sisteminin formalaşmasına kömək edir. Ana südü həm də uşağın sinir sisteminə, əqli və fiziki inkişafına müsbət təsir göstərir. Valideynlərə məsləhət görürük ki, mütəmadi olaraq həkim-pediatrlara müraciət etsinlər. Bu zaman həm uşaqların inkişaf dövrünə uyğun miqdarda ana südü ilə qidalandığından, eyni zamanda ana südünün təsir etdiyi boyatma hormonunun düzgün inkişafından əmin ola bilərlər”.

Nadir tərkibinə görə alimlər ana südünü “təbiət fenomeni” kimi qiymətləndirib

Həkim-pediatr Ruhiyyə Yusifova nadir tərkibinə görə alimlərin ana südünü “təbiət fenomeni” kimi qiymətləndirdiyini deyib: “Yenidoğulmuş körpənin mədə-bağırsaq sistemi qidanı tam həzm edə bilmir. Ana südü isə bu problemi həll edir. Tərkibindəki fermentlər uşaq orqanizmində yağları, karbohidratları və digər maddələri həzm etməyə kömək edir. Südün əsas tərkib hissəsinin 80 faizi bioloji aktiv sudur. Məhz bu səbəbdən yalnız ana südü ilə qidalanan körpəyə su, çay və digər mayelərin verilməsi tövsiyə edilmir. Ana südünün digər vacib komponentləri karbohidratlar, laktoza, kalsium, dəmir, vitaminlərdir. Laktoza uşağın inkişafında böyük rol oynayır, onun mərkəzi sinir sisteminin inkişafı üçün olduqca təsirlidir. Bundan əlavə ana südündə olan laktoza uşağın bağırsaqlarında bakteriyaların əmələ gəlməsinin qarşısını alır. Ana südünün tərkibindəki təbii yağlar beyinin inkişafı üçün olduqca vacibdir.
Ən əsası isə odur ki, südün tərkibindəki bütün maddələr uşaq orqanizmi tərəfindən tam mənimsənilir”.
Həkimin sözlərinə görə, ana südü nəinki körpənin normal inkişafını təmin edir, hətta müxtəlif xəstəliklərin ən yaxşı profilaktik müalicə üsuludur. Belə ki, məhz ana südü ilə qidalandırılma piylənmə, allergiyalar, ateroskleroz, müxtəlif mədə-bağırsaq sistemi xəstəlikləri, şəkərli diabet, bədxassəli şişlər, stomatoloji problemlər və digər xəstəliklərinin uzun illər sonra inkişaf etməsinin qarşısını alır. Müasir araşdırmalar sübut edir ki, ana südü ilə qidalandırılma hipertoniyanın və ürəyin işemik xəstəliyinin inkişafının riskini azaldır.

Bəzən adi bir diş müalicəsi ilə ananın südü kəsilə bilər

Pediatr-neonatoloq Altay Abdullaoğlu qeyd edib ki, digər körpə qidaları ana südünün tərkibinin 50 faizi belə deyil. Ana südünün tərkibi hər bir ananın orqanizmi ilə əlaqədar fərqli olur. “Hər bir ananın südü öz körpəsi üçün individualdır. Bu səbəbdən valideynlər maksimum dərəcədə çalışmalıdır ki, körpələr ilk 6 ay sadəcə ana südü ilə qidalansın. Çay, su, bitki çayları və bir sıra əlavə qidalar ancaq altıncı aydan sonra uşağa verilə bilər. Ana südü həm körpənin, həm də ananın sağlamlığı üçün çox əhəmiyyətlidir. Bəzən adi bir diş müalicəsi ilə ananın südü kəsilir. Ona görə də analar ətraflı məlumatlanmalıdır”.
Qeyd edək ki, UNICEF-in hesablamalarına əsasən, anaların yalnız 12 faizi öz körpələrini ilk 6 ayı ərzində eksklüziv ana südü ilə qidalandırır. Elmi olaraq hələ də tərkibi tam müəyyənləşdirilməyən ana südündə hər il yeni maddələr aşkarlanır və bu komponentlər körpələrin sağlamlığı üçün əvəzedilməzdir.

Səhiyyə 2023-08-05 15:06:00