×
A
A
A
Sazlamalar

Ana südü ilə qidalandırmanı təşviq edən aksiya keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə əhali üçün ana südü ilə qidalandırmaya həsr olunan təşviqat aksiyası keçirib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, ictimaiyyət nümayəndələri və yerli sakinlərin fəal iştirak etdikləri aksiyanın məqsədi uşaqların sağlam inkişafı və qidalanması ilə bağlı maarifləndirmə aparmaq idi.
Avqustun 1-dən 7-dək Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində keçirilən aksiyada iştirakçılara körpələrin düzgün bəslənməsi barədə dolğun məlumat verildi. Vurğulanıb ki, xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və bu südlə qidalandırma immunitetin güclənməsinə, körpənin sağlam böyüməsinə kömək edir. Hamilələr və gənc analara yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq və onunla qidalandırmanı dayandırmaq haqqında uşağın 1-2 yaşından tez düşünməmək tövsiyə olunub.
Aksiya iştirakçılarına, həmçinin xəstəliklərin əsas risk amilləri, zərərli vərdişlər barədə məlumat verilib, sağlam həyat tərzi sürmək tövsiyə olundu, Mərkəz tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.

Səhiyyə 2023-08-05 13:03:00