×
A
A
A
Sazlamalar

Dövlət qurumlarının nümayəndələri üçün elektron hökumət və rəqəmsal transformasiyaya dair təlim keçirilib

Bakı, 2 avqust, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən dövlət qurumlarının nümayəndələri üçün elektron hökumət və rəqəmsal transformasiya üzrə estoniyalı mütəxəssis Siim Sikkut tərəfindən “Vətəndaş mərkəzli xidmətlərdə əsas tendensiyalar” mövzusunda təlim keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlim səmərəli və istifadəçi mərkəzli elektron idarəetmə ekosisteminin inkişafını şərtləndirən əsas mövzuları əhatə edib. Estoniyalı mütəxəssis vətəndaş mərkəzli xidmətlər konsepsiyasını ətraflı müzakirə edərək bu xidmətlərin hazırda necə tətbiq edildiyindən və gələcək perspektivlərindən bəhs edib.
Belə ki, təqdimatın əsas hissəsi elektron hökumət tətbiqlərində istifadəçi təcrübəsi, xidmətlərin fərqli rəqəmsal kanallar vasitəsilə əlçatanlığı, istifadəçi təcrübəsindən qaynaqlanan data əsaslı qərarvermə mexanizmləri kimi mövzuları əhatə edib. Siim Sikkut müasir istifadəçi təcrübəsinin böyük miqyasda mobil ortamda qərarlaşdığını və bu səbəbdən elektron xidmətlərin məhz mobil tətbiqlər vasitəsilə effektiv təmin edilməsinin vacibliyini xüsusilə qeyd edib.
Təlimin növbəti hissəsində Siim Sikkut Estoniyanın elektron hökumət həlləri ilə bağlı təcrübəsi haqqında iştirakçıların suallarını cavablandırıb.

 

İKT 2023-08-02 16:18:00