×
A
A
A
Sazlamalar

AKTA: Kiber yay məktəbinin iştirakçıları arasında bilik yarışı keçirilib

Bakı, 1 avqust, AZƏRTAC.

Bakı Ali Neft Məktəbində 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün təşkil edilən “Cyber Summer School - 2023” beynəlxalq yay məktəbinin iştirakçıları arasında bilik yarışı və yay məktəbinin bağlanış mərasimi reallaşıb. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı, “Azerconnect MMC”, “Caspel”, “Cyberpoint”, “Techpro DC” və “Huawei Technologies” şirkətlərinin sponsorluğu, “Gesco”, “A2Z Technologies”, “CISCO” və “Azerobot” şirkətlərinin tərəfdaşlığı ilə iyulun 24-29-da keçirilən yay məktəbinə cəlb edilmiş yeniyetmələrin və onların valideynlərinin iştirak etdiyi tədbirdə aidiyyəti dövlət qurumlarının, xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələrinin, eləcə də ali təhsil müəssisələrinin rəhbər vəzifəli şəxslərinin çıxışları dinlənilib.
AKTA-dan AZƏRTAC-a verilən məlumata görə, “Cyber Summer School - 2023” yay məktəbinin əhatə dairəsi və beynəlxalq əhəmiyyəti bu il daha da genişləndirilib. Belə ki, yay məktəbində Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan yeniyetmələr, o cümlədən vətənimiz uğrunda şəhid olmuş qəhrəmanlarımızın övladları, ümumilikdə 125 iştirakçı cəlb edilib.
Ödənişsiz əsaslarla ingilis dilində təşkil edilən beynəlxalq yay məktəbinə 12-16 yaş arasında olan, zəruri ingilis dili, habelə informasiya texnologiyaları üzrə biliklərə malik və müsabiqədən keçmiş şəxslər cəlb edilib.
Bakı Ali Neft Məktəbində təşkil edilən təlim və praktiki seminarlar isə Azərbaycan, İsrail və Türkiyənin sahə üzrə ekspertlər tərəfindən həyata keçirilib. Ümumilikdə, yay məktəbində 20 təlimçi tərəfindən kibertəhlükəsizliyin müxtəlif aspektləri üzrə 20-dən çox təlim və praktiki seminarlar keçirilib, iyulun 29-da isə yay məktəbi iştirakçıları arasında bilik (“CTF”) yarışı təşkil olunub. “Cyber Summer School - 2023” beynəlxalq yay məktəbinin yekun tədbirinin sonunda bilik yarışının qalibi olan komandalar mükafatlandırılıb və iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
2021-ci ildən etibarən ənənəvi olaraq hər il həyata keçirilən layihənin əsas məqsədi tərəfdaş ölkələrdən olan yay məktəbi iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, habelə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.

İKT 2023-08-01 16:41:00