×
A
A
A
Sazlamalar

“Kağızsız hökumət” və vətəndaş yönümlü sistemlər yaradılmalıdır – Şərh

Bakı, 27 iyul, AZƏRTAC
İRİA “Kağızsız hökumət” layihəsi çərçivəsində iradəli və qərarlı addımlar atmaqda davam edir. Bu layihə çərçivəsində yeni elektron hökumət portalı/tətbiqi “Super Portal” vizyonu daşıyır. Konsept belədir ki, dövlət və vətəndaş münasibətlərinin tam olaraq rəqəmsal müstəviyə keçirilməsi mərhələli olaraq nəzərdə tutulur. Yaradılacaq olan yeni nəsil rəqəmsal hökumət portalı/tətbiqinin məqsədi bütün qurumların xidmətlərini minimum “tık” ilə əl çatan etməkdir. Tətbiqdə maksimum funksionallıq nəzərdə tutulur. Yəni ki, “Kağızsız hökumət” vizyonunda vətəndaşlar arayış və digər bütün xidmətləri kağızsız elektron formada əldə edə və təqdim edə biləcəklər.
Düşünürəm ki, bu proses vətəndaş məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksəlməsinə xidmət edərək, effektivliyi və çevikliyi təmin edəcəkdir.
Bunu AZƏRTAC-a açıqlamasında “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.
Qeyd edib ki, cari sistemlər “e-Gov”, “MyGov” və digər xidmətyönümlü sistemlərin hər biri daha çox informativ xarakter daşıyırdı və funksionallıq isə faiz olaraq çox az hissəsini təşkil edirdi. Dövrün yeni çağırışlarına əsasən dinamik, yenilənəbilən, insanyönümlü interaktiv və proaktiv sistemlər tələb edilir. Yeni çağırışlara əsasən artıq interaktiv, funksional sistemlərə ehtiyac var. Dövrümüzdə insanlar daha tez və daha çox funksional sistemlər istifadə etmək istəyirlər. Bu təcrübə dünyanın bir çox ölkələrində var. Bu dəyişimə çox ehtiyac var. İRİA “Kağızsız hökumət” layihəsi çərçivəsində iradəli və qərarlı addımlar atmaqda davam edir.
“Superportal” sistemin adı deyil, sistemin vizyonudur. Sistemin adının dəyişilməsində əsas psixoloji məqamlar var. Əgər əvvəlki sistemlərdə “e-Gov”, “MyGov” və sair funksionallığa çevrilsəydi insanların yaddaşında informativ olaraq qalacaqdı və həmin sistem olaraq qalacaqdı. Lakin yanaşma dəyişəndə adı da yeni olmalıdı, insanlar yeni sistemi yeni adla formalaşdırsınlar deyə düşünürəm. Bunun üçün “Kağızsız hökumət” ümumi baxışdır, bunun altında var. Qeyd edim ki, “Super Portal” vizyonu 3 əsas təməl prinsip üzərində qurulub: Vətəndaş yönümlü dövlət xidmətlər, “Kağızsız hökumət” və “Data əsaslı qərar qəbul edən hökumət”, - deyə Elvin Abbasov bildirib.
Ekspert vurğulayıb ki, hazırda “e-Gov”, “MyGov”, “DXR.AZ” və regional hökumət portalı “rih.gov.az” resursları hamısı bir vahid – “Super Portal”da birləşəcək. Eyni zamanda digər qurumlarında sistemləri bura inteqrasiya olunacaq. Vətəndaş tək bir portalda ən az vaxt itkisi ilə öz məqsədlərinə uyğun işi görəcək, bura arayışlar almaq, sənəd statusunda arayış almaq mümkün olacaq. Əvvəl bu sənədləri bu saytda görürdünüz, lakin onu təqdim etdikdə qəbul olunmurdu, çünki rəsmi sənəd statusu daşımırdı. Lakin “Super Portal”da rəsmi sənəd statusunda arayışlar almaq mümkün olacaq: “Hazırda bu istiqamətdə dövlət tərəfindən işlər gedir. Bunlardan biri “Data” əsaslı qərar qəbul etmək, yəni “Data”nın təmizlənməsi və güvənilir olmasıdır. Təkrar “Data”ların olmamasıdır. Çünki qurumlarda vətəndaşlara aid təkrar “Data”lar var, bunlar tənzimlənməlidir. “Kağızsız hökumət” və vətəndaş yönümlü sistemlər yaradılmalıdır. Hər bir sistemin əsasında vətəndaş dayanır. Sistemlər elə tərtib və dizayn olunmalıdır ki, vətəndaş burda çox rahat və qısa yollarla öz hədəflərinə çatsınlar. Buraya biometrik imzalar, arayışlar sənəd statusunda olmalıdır, lazım olan yerə onlayn şəkildə arayış təqdim edilə bilməlidir. Bunun üçün QR kod texnologiyası tətbiq olunmalıdır”, - deyə E.Abbasov əlavə edib.
Diqqətə çatdırıb ki, bu ilin sonunadək “Super Portal”ın ilkin mərhələdə tamamlanması hədəflənir: “Burada 10-dək qurumdan funksionallıq olacaq. Digər qurumlar da burada informativ təmsil olunsalar da, sonrakı mərhələdə onlar da artıq funksionallığa keçəcəklər. Bu isə o deməkdir ki, Azərbaycanın regionlarında yaşayan vətəndaşlarımız hər hansı sənəd və arayış əldə etmək üçün Bakıya gəlməli olmayacaq. Evlərindən, işlərindən ayrılmadan dövlətlə münasibətlərini tənzimləyəcəklər. Bu bizə vətəndaş məmnuniyyəti, qurumların daha aktiv işləməsinə gətirib çıxaracaq.
Ümumiyyətlə, “Elektron hökumət”dən “Rəqəmsal hökumət”ə keçid mərhələsi bu formada olur. Biz artıq yeni vizyonla bu hədəflərə çatmağa çox yaxınıq”, - deyə AİKTSA-nın sədri qeyd edib.

İKT 2023-07-27 18:30:00