×
A
A
A
Sazlamalar

Azərbaycanda yeni “Super Portal” istifadəyə veriləcək

Bakı, 27 iyul, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) yeni elektron hökumət “Super Portalı”nın konsepsiyasını təqdim edib.
AZƏRTAC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadla xəbər verir ki, Agentlik “e-Gov”, “MyGov” və “rih.gov.az” əsasında yeni, vahid bir elektron hökumət portal - “Super Portal” və mobil versiyası (Rəqəmsal cüzdan) təklif edir. Resurs tam rəqəmsal olacaq. İlkin mərhələdə 10 sənədin (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nikah şəhadətnaməsi, diplomlar və s.) tam rəqəmsal sənədə keçirilməsi nəzərdə tutulub. Data əsaslı xidmət olacaq. Yəni, bu resursa daxil olaraq təqdim edilən məlumat sadəcə məlumat olmayacaq, rəsmi sənəd statusu qazanacaq. Bununla da bütün sənədlərimiz telefonda-cibimizdə olacaq.
Vətəndaş hökumətin göndərdiyi bildirişləri qəbul edə biləcək. Vətəndaş fərdi məlumatlarına nəzarət edəcək. “Super Portal”da dövlətin bütün elektron xidmətlərinin olması nəzərdə tutulur.
İRİA-nın açıqlamasında bildirilib ki, bu istiqamətdə bir çox mərkəzi qurumlarla real əməkdaşlıqları var. İlin sonunadək “Super Portalı”n istifadəyə verilməsi gözlənilir.

İKT 2023-07-27 15:02:00