×
A
A
A
Sazlamalar

Balakənli fermerlər sahələrdən indiyədək 500 tondan çox yaş tütün yarpağı dəriblər

Balakən, 26 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunun təsərrüfatlarında 153,3 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 151,3 hektar sahədə “Virciniya botaniki”, 2 hektarda yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər. Hazırda rayonun təsərrüfatlarında tütün yığımı davam edir. İndiyədək sahələrdən 504 ton “Virciniya botaniki” növlü yaşıl tütün yarpağı yığılıb.
Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Qurum rəsmisi bildirib ki, dərilən yaş tütün sahələrdən birbaşa Balakən və Zaqatala rayonlarında fəaliyyət göstərən emal məntəqələrinə gətirilərək qurutma kameralarına yerləşdirilir. İndiyədək emal məntəqələrində balakənli fermerlərin təhvil verdikləri yaş tütün kütləsindən 75,6 ton quru tütün istehsal edilib. Yerli “İmmuniy” növ tütün isə istehsalçıların özləri tərəfindən ipə düzülərək qurudulur.
Sektor müdirinin sözlərinə görə, cari mövsümdə tütün istehsalı ilə əlaqədar “Azərtütün” ASC, “Zaqatala AGRO Industry” MMC, “Azəri Korporasiyası” və digər şirkətlər tərəfindən Balakən rayonu üzrə 30 fermerlə müqavilə bağlanılıb.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 102 hektar sahədən 138 ton quru tütün əldə ediblər.

Kənd təsərrüfatı 2023-07-26 15:41:00