×
A
A
A
Sazlamalar

Hansı bitki çayları immunitet sisteminin gücləndirilməsində əvəzolunmazdır?

Bakı, 26 iyul, AZƏRTAC

Dünyada ən çox sevilən içkilərdən biri çay sayılır. Xüsusən də orqanizm üçün faydalı olan bitki çayları əvəzolunmazdır. Bitki çaylarının qəbulu sağlamlığın qorunmasında, çəki atmaq, immunitet sisteminin gücləndirilməsi və bəzi xəstəliklərin müalicəsində istifadə edilən ən mühüm alternativ tibb üsullarından biridir.
AZƏRTAC xəbər verir ki, diyetoloq Cehyinə Yusifova çayların qida rasionunda geniş istifadə edilməsini tövsiyə edib: “Zəncəfil, darçın çubuqları, çobanyastığı, yaşıl çay, itburnu dəmləməsi və başqa çayların rasionda geniş istifadə edilməsi məsləhət görülür. Çünki həmin bitkilər antioksidant təsirlidir və metobolizmanın sürətlənməsində, arıqlamaqda mühüm rola malikdir. Melissa kimi sakitləşdirici bitkidən istifadə edilməsi, yatmazdan əvvəl melissa və çobanyastığı ilə dəmlənən çay normal yuxu ritminin formalaşmasına kömək edir”.
Mütəxəssislər bildirirlər ki, bitki çaylarını dəmləyərkən onun temperaturu 70-80 dərəcədən çox olmamalıdır, çünki daha yüksək temperaturda dəmləyəndə təsiri bir qədər zəifləyir. Elə çay ola bilər ki, allergiya, mədə-bağırsaq sisteminin işinin pozulmasına səbəb olsun, ona görə də bütün bunları nəzərə almaq lazımdır.
Həkim-fototerapevt Ulduz Hüseynova isə mövzu ilə bağlı deyib: “Hansı xəstəliklər bitki müalicəsinə tabe olursa, onlar həmin üsulla müalicə olunur. Xüsusilə yüngül formada xroniki böyrək xəstəliklərində nə antibiotikdən, nə də kimyəvi dərmandan istifadə etməyə ehtiyac yoxdur. Tənəffüs yolu xəstəlikləri, bronxial astma və bronxitləri də həmin üsulla müalicə etmək olar”.
Həkim-fototerapevt mədə xəstəlikləri zamanı ən çox işlənən bitkiləri sadalayıb: “Problemlə bağlı çobanyastığı, gülümbahar, bağayarpağı, dazıotu və boymadərəndən istifadə oluna bilər. Biyan kökləri, gülxətmi və bənövşə çiçəkləri öskürəyin müalicəsində istifadə olunur. Böyrək xəstəliklərində qatırquyruğu, sistit zamanı ayıqulağı, mərcangülü yarpağından istifadə daha səmərəlidir”.
Diyetoloq Nərgiz Nəzirova xüsusilə yaşıl çayın bədənimiz üçün faydalarını vurğulayıb: “Çox insan gündəlik həyatında qara çay istehlakını daha üstün tutur. Lakin mövzu ilə bağlı aparılan araşdırmalar yaşıl çayın orqanizm üçün faydalarını aşkar edib. Yaşıl çay ağciyər, qırtlaq, mədə, bağırsaq və prostat xərçənglərinin inkişafının, böyüməsinin və yayılmasının qarşısını alır. Dərini yumşaldır, kənar faktorlardan qoruyur. Xüsusilə qırışıqlar üçün içilən yaşıl çay paketlərini göz ətrafınızda bir müddət tutmanız kafidir. Yaşıl çay qaşınma və şişliklərə qarşı təbii antiseptik xüsusiyyət daşıyır. Onun nəmləndirici və günəşdən qoruyucu xüsusiyyətindən də faydalana bilərsiniz. Eyni zamanda, təzyiqi salır, yaddaşı gücləndirmək üçün təsirlidir. Tərkibindəki antioksidantlar “Altsheymer” və “Parkinson” kimi xəstəliklərə qarşı qoruyucudur”.
Bitki çaylarının tərkibindəki efir yağları, antioksidantlar və digər birləşmələrə görə sağlamlıq üçün faydalı hesab olunsa da, düzgün istifadə olunmadıqda ciddi fəsadlara aparıb çıxara bilər. Mütəxəssislər bildirirlər ki, onlardan istifadə etməzdən əvvəl tərkibi haqqında məlumatlı olmaq vacibdir.
Vitamin və minerallarla zəngin olan bitki çayları bədənin bir çox tələbatını ödəyir və bəzi fizioloji problemləri həll edir. Yuxarı tənəffüs yollarının problemi ilə üzləşən cökə çayından istifadə etmək olar. Bal və limon əlavə edilmiş itburnu çayı da təsirli vasitədir. Sarıkök və zəncəfil çayı içilməsi mikrobları məhv edir, iltihabi prosesin qarşısını alır.

Səhiyyə 2023-07-26 13:13:00