×
A
A
A
Sazlamalar

İnsanların gün ərzində qəbul etdikləri kaloriyə bərabər nisbətdə su içmələri tövsiyə olunur

Bakı, 25 iyul, AZƏRTAC

Su içmək orqanizmi bir çox xəstəlikdən qoruyur. Xüsusilə isti yay günlərində tez-tez maye qəbul edilir. Çox vaxt həmin proses ayaq üstə sürətli şəkildə yerinə yetirilir. Mütəxəssislər deyirlər ki, suyu ayaq üstə içmək orqanizm üçün faydalı deyil.
AZƏRTAC xəbər verir ki, mövzu ilə bağlı həkim-terapevt Nahid Məhərrəmov deyib: “Oturan zaman qida borusu, mədəyə keçən hissədə və mədənin onikibarmaq bağırsağa çıxdığı yerdə sviterlər qapalı vəziyyətdə olur və içilən su, həzm edilən qida mədədə qalır. Bu səbəbdən oturulu yerdə su qəbul etmək daha məsləhətlidir. Bundan 30-40 dəqiqə sonra ayağa qalxmaq olar. Ayaq üstə içilən su həzm sistemini narahat edir və svifter problemi yaradır”.
Bundan əlavə su qaynadılmadan və tələsmədən içilməlidir: “Suyu qurtum-qurtum içmək, yeməyi çox çeynəyib qəbul etmək daha məsləhətdir. Mədədə narahatlıq və qastrit, onikibarmaq bağırsaqda yara əmələ gətirdiyinə görə onun qaynar şəkildə və çox soyuq içilməməsi lazımdır”, -deyə həkim-terapevt bildirib.
Havanın temperaturu yüksəldikcə suya olan tələbat artır. Əksəriyyət soyuq sudan istifadə etsə də, mütəxəssislər bunu yanlış hesab edir. Bu, temperatur dəyişikliyi olduğundan həzm sistemində problemlərin yaranmasına səbəb olur.
Qida mütəxəssisi Məhsəti Hüseynova deyib: “İnsan orqanizmi yayda daha çox tərləməyə məruz qalır. İstiyə davamlı olmaq üçün sadə və təmiz sudan istifadə etmək lazımdır. Qazlı və rəngli sular isə orqanizmin maye balansını təmin etmir. Dadlı sulardan istifadə etmək istəyənlər bitki dəmləmələri və yaxud adi suyu limon, nanə, zəncəfil və digər sevimli təamlarla dadlandıraraq qəbul edə bilərlər”.
Həkim-terapevt Ruhiyyə Yusifova isti havalarda insanların həmişə yanlarında su gəzdirmələrini, gün ərzində 8 stəkan - yəni təxminən 2 litr su içmələrini tövsiyə edib: “ABŞ-da qida araşdırmalarıyla məşğul olan bir qurum 1945-ci ildə açıqlama verib ki, insanlar gün ərzində qəbul etdikləri kaloriyə bərabər nisbətdə su içməlidir. Məsələn, gündə 2 min kalori qəbul etməli olan qadınlar 2 litr, 2 min 500 kaloriyə ehtiyacı olan kişilərsə 2,5 litr su içməlidir. Orqanizmin su itkisinin ilkin mərhələdə əngəllənməsi beynin problemləri həlletmə funksiyalarını gücləndirir”.
Çox su içmək bədəndəki piyləri əridir və dərini təravətləndirir. Ona görə də gün ərzində 1 və ya 2 litr maye qəbulu məqbul hesab edilir.

Səhiyyə 2023-07-25 11:59:00