×
A
A
A
Sazlamalar

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk Məzun Günü

Bakı, 24 iyul, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” İnstitutu ilə əməkdaşlığı və “Pasha Holding” şirkətlər qrupunun dəstəyi ilə 2022-ci ildə təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) ilk Məzun Günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik, “Technion” İnstitutunun nümayəndə heyəti, eyni zamanda, bir sıra qurum və şirkətlərin rəsmi nümayəndələri iştirak edib.
Tədbiri açan nazir müavini Samir Məmmədov müasir dövrdə kibertəhlükəsizliyin əhəmiyyətini vurğulayaraq ,AKM-in birinci ili ərzində fəaliyyəti haqqında ətraflı məlumat verib.
Çıxışçılar arasında yer alan səfir Corc Dik İsrailin məşhur “Technion” İnstitutu ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasını kibertəhlükəsizlik problemlərinin həllində beynəlxalq əməkdaşlığın gücünün sübutu kimi qiymətləndirib.
Məzun Günündə, həmçinin təlim ərzində yüksək nəticə əldə etmiş məzunların və “Hackaton” qaliblərinin də mükafatlandırılması baş tutub. Daha sonra məzun olan 60 tələbəyə tədbirə dəvət edilmiş rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib.
Növbəti 3 il ərzində Mərkəzdə minədək kibertəhlükəsizlik mütəxəssisinin hazırlanması gözlənilir.

 

 

İKT 2023-07-24 15:30:00