×
A
A
A
Sazlamalar

Nazir müavini: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yaxın 3 ildə minədək mütəxəssis yetişdirməyi düşünürük

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də Bakıda Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk Məzun Günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məzunları təbrik edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin rolunun yüksək əhəmiyyətini vurğulayıb.
Nazir müavini qeyd edib ki, kibertəhlükəsizlik artıq milli təhlükəsizlik məsələsinə çevrilib. “Bu barədə Azərbaycan və İsrail liderləri keçirdikləri görüşdə də bəyan ediblər. Bu gün Daxili İşlər Nazirliyinin tərkibində kibertəhlükəsizliklə bağlı yeni bölmənin olması da bunu bir daha sübut edir. Kibertəhlükəsizlik strateji planlaşdırmanın tərkib hissəsi olmalıdır. Bu baxımdan ilk Məzun Gününü keçirdiyimiz Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin rolu önəmlidir. Kibertəhlükəsizliyin kritik əhəmiyyətini hamımız başa düşürük və bu səbəbdən kibertəhlükəsizlik sahəsində proaktiv yanaşmaya ehtiyac yaranıb.
İsrailin “Technion” Universitetinin dəstəyi ilə yaradılmış bu mərkəzdə yaxın 3 ildə minədək mütəxəssis yetişdirməyi düşünürük. Mərkəzdə təhsil almaq üçün 2 min 300 şəxs müraciət edib. Onların arasından 60 nəfər seçilib. Seçilmiş namizədlər arasında 14 xanım var. Bu isə texnologiya sahəsində böyük bir uğurdur”, - deyə S.Məmmədov əlavə edib.

İKT 2023-07-24 11:18:00