×
A
A
A
Sazlamalar

İtaliya Kosmik Agentliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi kosmik sənayedə startaplara dair müzakirələr aparacaq

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 25-də İtaliya Kosmik Agentliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində kosmik sənayedə startaplara dair müzakirələr aparmaq üçün onlayn tədbir təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” məlumat yayıb.
Bildirilib ki, kosmik sənayedə startaplara həsr olunmuş müzakirə zamanı İtaliyanın “Latitudo 40” kosmik şirkətinin təsisçisi və baş icraçı direktoru Qaetano Volpe iştirakçılarla fikir və təcrübə mübadiləsi aparacaq.
Qeyd edək ki, 2017-ci ildə əsası qoyulan “Latitudo 40” şirkəti peyk təsvirləri və süni intellektin birgə gücündən istifadə edərək Yer səthi üzrə analitik işlərin səmərəli üsullarla həyata keçirilməsi xidmətləri göstərir. Qaetano Volpe isə artıq 20 ildir ki, informasiya texnologiyaları ilə telekommunikasiya, naviqasiya və məsafədən zondlama üzrə texnologiyaların inteqrasiyası üzrə çalışan peşəkar mütəxəssisdir. O, həmçinin strategiya və biznes modellərinin formalaşdırılması üzrə müntəzəm olaraq kouçinq sessiyaları keçirir.
Görüş hibrid şəkildə, ingilis dilində keçiriləcək.

 

İKT 2023-07-22 11:52:00