×
A
A
A
Sazlamalar

Bu il Balakənin taxıl sahələrində orta məhsuldarlıq 33,2 sentner olub

Balakən, 21 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 1806 hektar sahənin məhsulu biçilib, 6006,2 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 33,2 sentner təşkil edib. Əvvəlki illə müqayisədə taxıl əkilmiş sahələr 862,4 hektar, məhsul istehsalı isə 3 min tondan çox artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə balakənli fermerlər 1086,7 hektar buğda sahəsindən 3361,6 ton, 719,3 hektar arpa sahəsindən isə 2644,4 ton məhsul əldə ediblər. Buğda sahələrinin hər hektarının orta məhsuldarlığı 30,9 sentner, arpa zəmilərinin isə 36,7 sentner olub.
Sektor müdirinin sözlərinə görə, hazırda taxıl biçini başa çatmış sahələrdə təkrar qarğıdalı əkini davam edir. Bu il rayonda 450 hektar sahədə təkrar əkinlərin aparılması nəzərdə tutulur. İndiyədək təsərrüfatlarda 91 hektar sahədə təkrar qarğıdalı əkilib. Eyni zamanda, payızlıq dənli bitkilərin səpini üçün 105 hektarda yay şumu qaldırılıb.

 

 

Kənd təsərrüfatı 2023-07-21 15:52:00