×
A
A
A
Sazlamalar

Operator və internet-provayderlərin coğrafi əhatə dairəsini əks etdirən rəqəmsal xəritələr tərtib olunacaq

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən operator və internet-provayderlərin coğrafi əhatə dairəsini əks etdirən rəqəmsal xəritələr tərtib olunacaq.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.
Agentliyin məlumatına əsasən, Azərbaycanın regionlarında internet penetrasiyanın (ölkədə internet istifadəçilərinin sayı ilə ölkənin demoqrafik məlumatları arasında əlaqə) dəqiq paylanma səviyyəsini mövcud vəziyyətdə yalnız təxmin etmək olar: “Hazırda İKTA, telekommunikasiya sahəsində tənzimləyici qurum olaraq, bu sahədə fəaliyyət göstərən operator və internet provayderlərdən xidmət bazarlarını təhlil etmək məqsədilə məlumatların toplanılmasına başlayıb. Yalnız bütün operatorlardan və internet provayderlərdən məlumatlar toplandıqdan sonra, Bakı şəhəri və ölkənin regionlarında internet penetrasiya haqqında dəqiq məlumat əldə etmək mümkün olacaq. Məlumatlar toplandıqdan sonra Azərbaycanda fəaliyyət göstərən operator və internet provayderlərin xidmətlərinin hətta regionlar üzrə coğrafi əhatə dairəsini əks etdirən rəqəmsal xəritələr də tərtib olunacaq”, - deyə məlumatda qeyd olunub.
Qurumdan bildirilib ki, xidmət göstərən hər bir operator və internet provayder, ilk növbədə, bir kommersiya şirkətidir. Təbii ki, daha çox qazanc götürmək məqsədilə bu şirkətlər marketinq təhlilləri aparır və yeniliklərin tətbiqi prosesi həmin marketinq təhlillərin üzərində qurulmuş planlara əsasən həyata keçirilir. Məhz marketinq üzrə müəyyən edilmiş prioritet istiqamətlərə dair siyahı tərtib edilən zaman genişzolaqlı, yüksəksürətli internet şəbəkəsinin tikintisi, biznesə yatırılmış sərmayənin özünü doğrultması, bir istifadəçiyə düşən gəlir (ARPU), rəqabət və s. kimi mühüm amillər nəzərə alınır.
Vurğulanıb ki, 2024-cü ilin sonunadək ölkənin hər bir yerini genişzolaqlı internetlə təmin edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qarşıya məqsəd qoyulub. Hədəf ölkədə bütün ev təsərrüfatlarının internetlə təmin edilməsi və internetin minimum ortalama sürətinin 25 mbps-ə çatdırılmasıdır.

 

İKT 2023-07-21 15:48:00