×
A
A
A
Sazlamalar

Qusarda taxıl biçininə 62 kombayn cəlb olunub

Qusar, 20 iyul, Elxan Yusifli, AZƏRTAC

Şimal regionunun əsas taxılçılıq rayonlarından olan Qusarda bu günə kimi 15 min 230 hektar sahədə biçin yekunlaşıb. Bunun 7 min 545 hektarı buğda, 7 min 685 hektarı isə arpa sahələridir.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günə kimi sahələrdən 45 min 762 tondan çox məhsul yığılıb. Rayonda biçin prosesinə 62 kombayn cəlb olunub.
“Rayonda arpa sahələrinin biçini yekunlaşmaq üzrədir. Çətin relyefli ərazilərdə 200 hektara yaxın arpa sahəsi qalıb ki, yaxın günlərdə həmin sahələr də tam biçiləcək. Rayonda taxıl biçininin avqust ayının ilk ongünlüyündə tam başa çatdırılması nəzərdə tutulub”, - deyə Rauf Minhacov söyləyib.
Bu il Qusar rayonunda 23 min 830 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 16 min 8 hektarı buğda, 7 min 822 hektarı arpa sahələridir.
Ötən il sahələrdən 75 min 770 ton məhsul əldə edilib.

Kənd təsərrüfatı 2023-07-20 14:55:00