×
A
A
A
Sazlamalar

AFAQ layihəsi çərçivəsində Füzuli rayonunda qadın fermerlərə dəstək göstərilib

Füzuli, 20 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində Füzuli rayonunda aqrar sahədə çalışan və layihəyə müraciət edən qadın fermerlərə dəstək göstərilib.
6 saylı “Qayıdış” qəsəbəsində təsərrüfatlarının inkişafı üçün dəstək göstərilən qadın fermerlərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, Füzuli Rayon İcra Hakimiyyətinin və rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər. Görüşdə çıxış edənlər AFAQ layihəsinin qadın fermerlərin aqrar fəaliyyətlərində böyük rol oynadığını, eyni zamanda, regionlarda ailə təsərrüfatlarının inkişafına dəstək göstərdiyini vurğulayıblar. AFAQ layihəsi çərçivəsində göstərilən budəfəki dəstək tədbirindən Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Merdinli, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Hüseynbəyli və Yuxarı Veysəlli kəndlərindən olan ümumilikdə 16 qadın fermer faydalanıb. Qadın fermerlərin müraciətləri əsasında təsərrüfatlara baxış keçirilib, qiymətləndirmə sorğuları aparılıb, həmçinin qadın fermerlərə fəaliyyət sahələrinə uyğun təlimlər keçirilib.
Qiymətləndirmə sorğularına əsasən, qadın fermerlər təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları və aktivlərlə təmin olunublar.
Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər.
Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək layihəyə 1350-ə yaxın müraciət daxil olub, layihə kriteriyalarına cavab verən 274 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 177 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində 318 qadın fermer nəzəri və praktik təlimlərdə iştirak edib.

Kənd təsərrüfatı 2023-07-20 12:48:00