×
A
A
A
Sazlamalar

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 1051 ton yaşıl tütün qəbul edib

Zaqatala, 20 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə “Azərtütün” ASC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 620,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bunun 62,7 hektarı şirkətin özünə aid, 557,4 hektarı isə fermerlərə məxsus sahələrdir. Hazırda sahələrdə yaşıl tütün yarpağının dərimi davam edir. İndiyədək ASC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 1051 ton yaşıl tütün kütləsi daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib.
Bildirilib ki, bu günədək emal məntəqələri Balakən rayonu üzrə istehsalçılardan 331 ton, Zaqatala rayonu üzrə 189,7 ton, Qax rayonu üzrə 191,9 ton, Şəki rayonu üzrə 334,8 ton, Oğuz rayonu üzrə isə 3,7 ton yaşıl tütün kütləsi qəbul edib.
Hazırda bu rayonlardakı tütün istehsalı və emalı məntəqələrində, ümumilikdə 262 tütünqurutma kamerası var. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur.

Kənd təsərrüfatı 2023-07-20 11:38:00