×
A
A
A
Sazlamalar

Polşada pişiklərdə quş qripi aşkar edilib

Bakı, 18 iyul, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Polşada 29 pişik quşlarda rast gəlinən A qripi virusuna yoluxub. Pişiklərin virusa yoluxma mənbəyi hələ də məlum deyil və epizootoloji tədqiqat davam edir. Onlarla təmasda olan bir insan belə virusa yoluxmayıb.
AZƏRTAC BMT-nin Xəbərlərinə istinadla xəbər verir ki, iyulun 11-nə olan məlumata görə, 46 pişik və qəfəsdə saxlanılan bir qaraqulaqdan 47 nümunə götürülüb, onlardan 29-da A (H5N1) qripi nəticələri müsbət çıxıb.
Pişiklərin A(H5N1) virusuna yoluxması daha əvvəl də bildirilmişdi, lakin ilk dəfədir ki, bir ölkə daxilində geniş coğrafi ərazidə çoxlu sayda yoluxmuş pişiklər müşahidə edilir.
Pişiklərdən 14-ü evtanaziyaya məruz qalıb və daha 11-i ölüb, həm də sonuncu ölüm halı iyunun 30-da baş verib. İyulun 12-nə olan məlumata görə, A(H5N1) virusuna yoluxmuş pişiklərlə təmasda olan heç bir şəxs simptomlar barədə məlumat verməyib. İnsanların yoluxmuş pişiklərlə təmasda yoluxma riskinin ümumi əhali üçün aşağı, fərdi qoruyucu vasitələrdən istifadə etməyən pişik sahibləri və baytarlar üçün isə aşağı və orta səviyyədə olduğu təxmin edilir.
Pişiklərin yoluxmuş quşlar və ya onların ətraf mühiti ilə birbaşa və ya dolayı təması, yoluxmuş quşları və ya virusla çirklənmiş qidaları yemək də daxil olmaqla, infeksiya mənbəyi üçün bir neçə variant var.
Məlumat əldə edilən 25 pişikdən ikisi küçə, 18-i eyvana, terrasa və ya həyətə çıxışı olan ev, beşi isə çölə çıxışı olmayan ev pişikləridir. Yalnız yeddi pişiyin vəhşi quşlarla təmasda olduğu bildirilir.
Quş qripi virusları adətən quşlar arasında yayılır, lakin bioloji cəhətdən insanlara daha yaxın olan məməlilərdə H5N1 virusuna yoluxma hallarının artması mütəxəssislərin narahatlığına səbəb olur. Bu cür ötürülmə virusun adaptasiya olma qabiliyyəti və insanlara keçə biləcəyi anlamına gələ bilər.

 

Səhiyyə 2023-07-18 12:12:00