×
A
A
A
Sazlamalar

Üç min 896 xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunur

Bakı, 17 iyul, AZƏRTAC

Bakı şəhəri və regionlarda fəaliyyət göstərən Hemodializ mərkəzlərində xidmətin təşkilinin dəyərləndirilməsi məqsədilə Fəaliyyət Planının hazırlanması və mərhələlər üzrə icrası həyata keçirilib. Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə deyib.
O qeyd edib ki, ölkə üzrə 53 hemodializ mərkəzində 3 min 896 xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunur.
Şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya xəstəliyi, dağınıq skleroz xəstəliyi üzrə Dövlət Proqramlarının icrası ilə əlaqəli fəaliyyət aparılıb. Hazırda şəkərli diabet xəstəliyi registrində 284 min 656 xəstə qeydiyyatdadır və Dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar. 2023-cü ilin 6 ayı ərzində 4 min 839 yeni xəstə qeydiyyata alınıb.
Dağınıq skleroz xəstələrinin registrində olan xəstələrin sayı 2001-dir, onlardan 675 xəstə beta-interferon (avoneks), 300 xəstə isə mitoksantron preparatı ilə təmin olunur. 2023-cü ilin yanvar-iyun ayları ərzində 34 yeni xəstə qeydiyyata alınıb.

Səhiyyə 2023-07-17 15:08:00