×
A
A
A
Sazlamalar

Koronavirus pandemiyası başlayan gündən etibarən Azərbaycana 18,1 milyon doza vaksin gətirilib

Bakı, 17 iyul, AZƏRTAC

Koronavirus pandemiyası başlayan gündən etibarən Azərbaycana 18,1 milyon doza vaksin gətirilib.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.
O qeyd edib ki, pandemiya müddətində TƏBİB tabeliyində olan tibb müəssisələrində yüksəkkeyfiyyətli avadanlıqla təmin olunan 14 PZR laboratoriyası fəaliyyətə başlayıb. Koronavirusla mübarizə üzrə səfərbər edilən 46 tibb müəssisəsindən 43-ü TƏBİB tabeli tibb müəssisəsi olub. Ümumilikdə isə, ölkədə 300-dən çox məntəqədə vaksinasiya işi təşkil edilib. Xəstəliyin gedişatı ağır hesab edilməyən vətəndaşların ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti əsasında müalicə almaları təşkil edilib. Bakı şəhərində bu tipli nəzarət funksiyasına 87 poliklinikanın xidmət ərazisini əhatə edən 41 məntəqə yaradılıb.

Səhiyyə 2023-07-17 13:14:00