×
A
A
A
Sazlamalar

Mobil bankçılıq sistemlərini kiberhücumlardan necə qorumaq olar – Ekspert

Bakı, 15 iyul, AZƏRTAC
Günümüzdə mobil texnologiyanın inkişafı bir çox işləri məkan və zaman fərqi olmadan həll etmək imkanı yaradıb. Artıq cibimizdə olan mobil telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib. İndi biz nəinki zəng etmək, mesajlaşmaq, şəkil çəkmək üçün, hətta bank əməliyyatlarımızı da rahatlıqla telefon vasitəsilə həyata keçirə bilirik. Dostumuza pul göndərmək, telefonun balansını artırmaq, kredit borclarımızı ödəmək və bir sıra digər əməliyyatları rahatlıqla telefonla bir neçə saniyə içində həll edə bilirik. Elə bugünkü əsas araşdırma mövzusu bankların təqdim etdikləri mobil bankçılıq sistemlərini kiberhücumlardan necə qorumaqdır.
AZƏRTAC-ın suallarını “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov cavablandırıb.
Elvin Abbasov bildirib ki, ümumiyyətlə burada bir çox alt motiv var: “Misal üçün müharibə dövründə insanlar bir çox halda ödənişsiz VPN proqramlardan (pulsuz track –yəni qırılmış VPN-lərdən) istifadə edirdi. O zaman biz çox çağırış edirdik ki, bu VPN-lərdən istifadə edərkən mobil bank hesabınızı idarə edən tətbiqi açmayın. Çünki həmin zaman qoşulduğunuz VPN server bizim məlumatlarımızı nüsxələyir və daha sonra bunu üçüncü şəxslərə ötürə bilər. Bu çox təhlükəlidir. Sizin məlumatlarınız orda nüsxələnir. Digər alt motiv – ödənişsiz “Wi-Fi”lardır. Harada hansı ödənişsiz “Wi-Fi” var – otel, restoran, getdiyimiz istirahət və əyləncə məkanları, kimin olduğu bəlli olmayan “Wi-Fi”lara qoşulmamaq tövsiyə olunur. Bunların hər biri sizi fərdi məlumatlarınızın qorunması üçün vacibdir, onlara qoşulmaq çox təhlükəlidir. Həmçinin internetdə gəzərkən (internet surging) hər hansı naməlum sizə təklif olunan linklərə keçid etmək, qeyri-etik saytlarda və ya bilmədiyiniz saytlarda gəzmək, burada çox növ viruslar var. Xüsusilə, uşaqlı ailələrə tövsiyə olunur ki, telefonlarında və kompüterlərində ailə qoruma proqramları quraşdırsınlar. Bəzi saytları məhdudlaşdırsınlar və özləri də bu istiqamətdə çox diqqətli olsunlar”, - deyə ekspert qeyd edib.
E.Abbasov vurğulayıb ki, kiberdələduzlar tələlər qurur və biz onlardan qorunmaq üçün diqqətli olmalıyıq, fayllarımızı və konfidensial məlumatlarımızı onların əlinə keçməsindən mühafizə etməliyik. Bunun üçün ən əsas kibergigiyenika qaydalarına riayət etməliyik.

İKT 2023-07-15 14:49:00