×
A
A
A
Sazlamalar

Bəzən uşaqlar imtahandakı uğursuzluğu həyatlarının sonu kimi qəbul edirlər

Bakı, 14 iyul, Aytac Haqverdiyeva, AZƏRTAC

Bir çox insan imtahandan əvvəl stres keçirir. Normal səviyyədə stres müvəffəqiyyətə kömək etsə də, bəzi hallarda imtahan performansının azalmasına, nəticələrin qənaətbəxşliyinə təsir edir. Psixologiyada imtahan stresi əvvəlcədən öyrənilən biliklərin səmərəli istifadəsinə mane olan və müvəffəqiyyətin azalması ilə nəticələnən sıx narahatlıq olaraq təyin edilir. Narahatlıq, həyəcan, sıxıntı, uğursuzluq qorxusu, ürəkbulanma, taxikardiya, titrəmə, ağız quruluğu, tərləmə, yuxusuzluq, mədə ağrıları və digər fiziki şikayətlər, diqqət və konsentrasiyanın pozulması, özünə inamın azalması imtahan stresinin ümumi simptomlarıdır.

İmtahan stresi rəqabəti sevən insanlarda daha çox rast gəlinir

AZƏRTAC mütəxəssislərin təhlili əsasında insanların imtahan dövründə yaşadığı stresin səbəbləri, onunla mübarizə yolları istiqamətində araşdırma aparıb. Mövzu ilə bağlı psixoloq Xalidə Qasımova imtahan stresini yaradan səbəblərdən danışıb: “Qeyri-real düşüncə tərzinə sahib olmaq, narahatlığın formalaşmasında ən vacib səbəbdir və stresə meylli, rəqabəti sevən şəxsiyyət quruluşuna malik insanlarda daha çox rast gəlinir. Burada sosial mühitin gözləntiləri və təzyiqi də mühüm faktordur. Bəzi hallarda isə yorğun və sıxıntılı dönəmdən sonra, xüsusilə, abituriyentlər boşluğa düşür, imtahandan yaxşı və ya pis keçmələrindən asılı olmayaraq depressiya yaşaya bilirlər. Bir müddət özlərinə gələ bilmir, narazı, xoşbəxt olmayan, vaxtını məqsədsiz keçirən, sərt reaksiyalar verən və ailəsindən uzaqlaşan gənclərə çevrilirlər. Bu vəziyyət 15-20 gün, bəzən isə aylarla davam edir”.
Psixoloq bu prosesdə valideynlərin rolunun böyük olduğunu vurğulayıb: “Ailələr bu kimi hallarda övladlarını başa düşməli, onlara haqq qazandırmalıdırlar. Bəzi valideynlər “Niyə belə davranırsan? Nəyin əskikdir?” tərzdə suallarla uşaqları daha da çıxılmaz vəziyyətə sala bilərlər. Əslində bütün bu təcrübələr imtahandan sonrakı depressiv şikayətlərlə bağlıdır. Nəticələr yaxşı olsa belə, bütün gənclər bu vəziyyəti az-çox yaşayır. Əsas odur ki, iki həftə ərzində öhdəsindən gəlsinlər. Uzunmüddətli imtahan stressi müşahidə etdikdə, mütləq psixoloqa müraciət edin.
Həmin problemlə bağlı uşaqlara bu vəziyyətin müvəqqəti olduğu, “imtahanlar məqsəd yox, sadəcə məqsədə aparan vasitədir” fikri izah edilməli və onlar ictimai həyatda iştiraka təşviq olunmalıdırlar. Onlarla davamlı müsbət ünsiyyət qurulmalı, sonradan peşman olacaq söz və davranışlardan çəkinmək lazımdır. Nəzərə alın ki, uşaqların psixi sağlamlığı onların imtahanlarından daha vacibdir. Nəticədən asılı olmayaraq, onlara olan sevginizin azalmayacağını hiss etdirməlisiniz”.

Demokratik və dəstəkləyici münasibətlərin çatışmazlığı uşaqlarda imtahan stresi yaradır

Psixoloq Fidan Əliyeva imtahanın yalnız uşaqları deyil, hətta böyükləri də vahiməyə saldığını deyib: “Uşaqlarda təşviş, stres, həyəcan, depressiya və yorğunluq halları yaşanır və bu, onların fəaliyyətinə, təhsilinə, sınaq zamanı nəticələrinə təsir edir. Hətta həmin dövrdə yaşanılan imtahan stresi onun gələcəkdəki fəaliyyətində öz mənfi təsirini göstərir. Bəzən valideynlərdə demokratik və dəstəkləyici münasibətlərin çatışmazlığı uşaqlarda imtahan stresinin yaranmasının əsas səbəbi olur. Uşaqlarda özünəhörmət onun özünüqiymətləndirməsi nəticəsində əldə etdiyi mənlik anlayışıdır. Onlarda özünü aşağı görmə hissi stress, narahatlıq yaradan amillərdir. Sosial münasibətlərin pisləşməsi, sinif yoldaşları ilə mübahisələrin artması uşaqların depressiyayadüşmə ehtimalını artırır”.

Mənəvi-psixoloji vəziyyətin pozulması hətta intihara səbəb ola bilər

Psixoloq Mədinə Həsrətova uşaqların valideyn və müəllimlərinin yüksək gözləntiləri ilə onları məyus etməmək üçün uyğunlaşmasının müəyyən problemlərə gətirib çıxardığını qeyd edib: “İmtahan yeniyetmənin mənəvi və psixoloji vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Öz praktikama əsaslanaraq tövsiyə etmək istəyirəm ki, yeniyetməlik dövründə olan övladlarınızla onun xoşbəxt və uğurlu gələcəyi haqda danışın. Zəif xarakterli məktəblinin imtahandan keçmək qorxusunun öhdəsindən gəlməsi çətinləşir. Əvvəla, bu, yeniyetmə üçün çətindir, çünki ona təkcə valideynlər, müəllimlər deyil, həm də özü özünə təzyiq göstərir.
Mənəvi-psixoloji vəziyyətin pozulması sağlamlığın pisləşməsinə, özünə inamsızlığa və hətta intihara səbəb ola bilər. Uşaqlara stres zamanı effektiv özünə kömək üsullarını praktiki olaraq öyrətmək lazımdır.
İmtahan dövründə yeniyetmənin beynində onun bütün gələcək həyatının imtahandan asılı olması fikri tez-tez dolaşmağa başlayır. “İmtahanı yaxşı verməsən, universitetə daxil ola bilməyəcəksən” arqumenti ən qorxulu və inandırıcıdır. Valideynlər övladlarına imtahanın həyati əhəmiyyət kəsb etdiyi fikrini aşılamağa başlayırlar, bu səbəbdən həmin uşaqların beynində imtahandan aşağı bal yığarsa, həyatının məhv olacağı barədə fikir formalaşır. Bəzən onlar imtahandakı uğursuzluğu həyatlarının sonu kimi qəbul edirlər”.

Xəstəliklərin yaranma səbəbi 80 faiz hallarda streslə bağlıdır

Qeyd edək ki, fiziki, emosional, kimyəvi və zehni səbəblərdən yaranan stres, bu gün bir çox insana təsir edən xəstəlikdir. Bəzi ekspertlərin fikrincə, xəstəliklərin yaranma səbəbinin 80 faizi streslə bağlıdır. Qəfil yaranan emosional streslər ürək-damar xəstəliklərinə, ürək ritminin pozulmasına və hətta qəfil ölümə səbəb ola bilər. Aparılan tədqiqatlara görə müsbət münasibət yaşamaq, xoşbəxtlik, həyatdan həzz almaq stresdən uzaqlaşdıran amillərdir. Tədqiqatçılar stresdən azad olmaq üçün hər gün əyləncəli fəaliyyətlərə ən az 1 saat vaxt ayırmağın vacib olduğunu deyir.

Səhiyyə 2023-07-14 14:57:00