×
A
A
A
Sazlamalar

Ölkəmizin müalicəvi əhəmiyyətə malik təbii mənbələri öyrənilir və tətbiq edilir

Bakı, 14 iyul, AZƏRTAC

Yüz il çağlayan quyu
Yüz ilə yaxındır ki, institutun yerləşdiyi ərazidə yod-brom suyu çıxan quyu var. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun bu ərazidə fəaliyyət göstərməsi məhz həmin quyu ilə əlaqədardır. 1936-cı ildən bəri həmin quyu tükənmədən çağlayır və onun sayəsində əldə edilən təbii yod-brom vannaları sinir xəstəliklərində, xüsusilə funksional pozuntularda, nevrozlarda, arterial hipertenziyanın müəyyən mərhələlərində, oynaq xəstəliklərində ağrıkəsici və sakitləşdirici vasitə kimi istifadə olunur. Bunu Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Sədaqət Hüseynova AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib.
İnstitut 2013-2018-ci illərdə əsaslı şəkildə təmir edilib. Burada Naftalan, palçıqla və su ilə müalicə şöbəsi fəaliyyət göstərir. Fizioterapiya sürətlə inkişaf edən sahədir. Təmirdən sonra müəssisə həm diaqnostik, həm də müalicə sahəsində modern avadanlıqlarla təmin olunub. Burada sinir, dayaq-hərəkət sistemi, kardioloji, burun-boğaz, ginekoloji, uroloji xəstəliklərin müalicə və reabilitasiyası həyata keçirilir.
Analoqu olmayan Naftalan nefti
Professor Sədaqət Hüseynova söhbətinə davam edərək deyib: “Həmin müalicə prosedurları ilə yanaşı, müəssisənin əsas elmi istiqaməti Azərbaycanın təbii sərvətlərinin, kurort amillərinin öyrənilməsi və onlara uyğun müalicə üsullarının işlənilib hazırlanmasıdır. Naftalan nefti və onun müalicəvi preparatlarının öyrənilməsi də başlıca fəaliyyət sahələrimizdən biridir. Əbəs yerə Naftalan Azərbaycan kurortologiyasının brendi hesab edilmir. Müalicəvi Naftalan neftinin istifadə təcrübəsi tarixi 300 ilə gedib çıxır, lakin onun müasir dövrdə təsir mexanizmlərinin öyrənilməsi bu gün də aktual olaraq qalır. Naftalan nefti üzərində tədqiqatlar davam etdirilir və institutun əməkdaşlarının hazırladıqları yeni preparatlar Avrasiya sertifikatı alaraq oynaq xəstəliklərində müalicə məqsədilə tətbiq olunur. Sinir, dayaq-hərəkət sistemi, burun-boğaz-qulaq, ginekoloji, mədə-bağırsaq və digər xəstəliklərdə əvəzsiz müalicə vasitəsi sayılan Naftalan neftinin əsas müalicəvi keyfiyyəti ağrıkəsici, iltihab əleyhinə, desensibiləzəedici və orqanların trofikasını yaxşılaşdırmaq sahəsində güclü təsirə malik olmasıdır. Həmin xüsusiyyətlərinə görə müxtəlif xəstəliklərdə etioloji və patogenetik müalicə üsulu kimi ondan uğurla istifadə edilir.
Naftalan neftinin ağrıkəsici və iltihab əleyhinə təsir etmək, qan dövranını yaxşılaşdırmaq kimi xüsusiyyətləri var. Ona görə həmin neftin bir sıra nevroloji və artroloji xəstəliklərin müalicəsində tətbiqi hərtərəfli öyrənilib. Həm kliniki, həm də neyrofizioloji tədqiqatlar nəticəsində Birinci Qarabağ müharibəsində periferik sinirləri odlu silah atəşi nəticəsində yaralananların reabilitasiya prosesində Naftalan neftinin müalicəvi təsirləri araşdırılıb, müalicənin effektivliyi öyrənilib. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, Naftalan nefti neyropatik ağrının müalicəsində də ağrıkəsici təsirə malikdir”.
İşğaldan azad edilən bölgələrdə müalicəvi su mənbələri öyrənilir
Təbiətin ölkəmizə bəxş etdiyi gözəlliklərin xeyli bir qismi həm də müxtəlif xəstəliklərdən sağalmaq üçün şəfa mənbəyi rolu oynayır. Müsahibimizin dediyinə görə, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsas elmi istiqaməti Azərbaycanın təbii sərvətlərinin, kurort amillərinin öyrənilməsi və onlara uyğun müalicə üsullarının işlənilib hazırlanmasıdır: “Azərbaycanın mineral sularla ən zəngin zonası Qarabağ bölgəsi, xüsusilə Kəlbəcər rayonudur. 30 ilə yaxın işğal altında qalandan sonra azad edilmiş bölgələrdə yenidən kurortoloji amillərin öyrənilməsinə başlanılıb. Hazırda Kəlbəcərdə Yuxarı və Aşağı istisu, Qotursu, Turşsu, habelə Zallar, Qamışlı və Yanşaq kəndlərindəki bulaqlardan nümunələr götürülərək onların müalicəvi xüsusiyyətləri araşdırılır. Həmin bölgədə həm vanna müalicəsi kimi tətbiq edilən termal, həm də içmək üçün bir neçə soyuq su mənbəyi var. Cənub bölgəsində - Lənkəran, Astara, Masallı, Lerik rayonlarında olan suların öyrənilməsi sahəsində də tədqiqatlar aparılıb. Həmin bölgədə 20 mənbədən yerin səthinə çıxan su mənbələrinin mineral tərkibi və digər fiziki-kimyəvi göstəriciləri, makro- və mikro elementləri araşdırılıb. Qeyd edim ki, dünyadakı müalicəvi suların tərkibinə görə analoji müqayisələr aparılır. Məsələn, Kəlbəcərdəki İstisu Çexiyadakı Karlovı-Varı şəhərindəki suyun analoqu hesab edilir.
Naxçıvan Muxtar Respublikasının təbii amillərini öyrənilməsi üzərində də işlər davam etdirilir. Sədərək yolunun solunda - 150 metr məsafədə Şor su gölünün palçığı insult keçirən xəstələrdə hərəki pozuntuların bərpasında istifadə edilir. Darıdağ duzu yeni metodla - duz məhlulunun elektroforezi şəklində oynaq xəstəliklərində, diz oynaqlarının artrozu zamanı tətbiq edilir.
Şıxda və Suraxanıda kükürdlü su mənbələri var. Kükürdlü su yod-bromdan tamamilə fərqlənir, çünki onun tərkibindəki kükürd güclü antioksidantdır. Elə həmin xüsusiyyətinə görə ondan orqanizmdə metabolik pozuntularda, sinir sisteminin müxtəlif xəstəliklərində, habelə artroloji və hətta dəri xəstəliklərində müalicə vasitəsi kimi istifadə olunur”.
Dərdlərə dərman, ağrılara məlhəm olan palçıq mənbələri
Azərbaycandakı palçıq mənbələrinin müalicəvi xüsusiyyətlərinin öyrənilməsi sahəsində də elmi-tədqiqat işləri aparılır. Professor deyib: “Dünyadakı 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycandadır. Respublikamızda mövcud olan vulkan palçığının kimyəvi və üzvi tərkibinin zənginliyi onların müalicə məqsədilə istifadə olunmasına imkan verir. Belə ki, bir çox xəstəliklərin - mərkəzi və periferik sinir sistemi, mədə-bağırsaq, ginekoloji, uroloji, oynaq və dəri xəstəliklərinin müalicəsində ondan geniş istifadə olunur. Vulkan palçığının tərkibində üzvü birləşmələrin, yod, brom, hidrogen sulfidin, naftenlərin miqdarının çox olması onları müalicə üçün yararlı edir. Müalicəvi baxımdan ən çox öyrənilmiş Axtarma-Qaradağ, Daşgil, Bahar, Masazır, Babazənən və Qaynarca vulkan palçıqlarıdır. İnstitutda Masazır, Naxçıvanın Şorsu palçığının müxtəlif xəstəliklərin müalicəsində təsir mexanizmlərinin öyrənilməsi üzrə tədqiqat işləri davam etdirilir”.
Sağlamlıq bəxş edən şəfa ocağı
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna daha çox müraciət edənlər əsasən insult keçirən, insultdan sonra hərəki pozuntusu olanlar, dayaq-hərəkət sistemi xəstəlikləri ilə üzləşənlər və burun-boğaz xəstəliklərindən əziyyət çəkənlərdir. Onlar burada hərtərəfli qayğı ilə əhatə olunur və təbii üsullarla sağalaraq yenidən normal həyata qayıdırlar. Ötən il şəfa ocağına 50 min 62 ambulator xəstə qəbul edilib, onlardan 321 xəstə stasionar müalicə alıb. Onlardan 110 nəfərini Qarabağ müharibəsi veteranları və qazilər təşkil edib. Bu ilin birinci yarısında 21 min 164 xəstə ambulator, 760 xəstə stasionar şəraitdə reabilitasiya müalicəsi keçib. Həmin müddətdə 9 şəhid ailəsi, 98 qazi və 46 veteran stasionar şəraitdə müalicə olunub.
Müəssisədə müalicə prosesi keçənlərdən bəzilərinin ürək sözləri ilə tanış oluruq. Bakıdan Oruc Kəngərli yazır: “Belimdə olan yırtıqlarla əlaqədar 14 gün müalicə olundum. Məni müalicə edən həkim-nevroloq, institutun kiçik elmi işçisi Aygün İsayevaya, baş tibb bacısı Gülmirə xanıma, institutun rəhbərliyinə mənə göstərilən diqqət və qayğıya görə təşəkkür edirəm. Sizin sayənizdə ağrı-acılardan qurtularaq normal həyata qayıtmışam”.
Xocalı sakini Qiyas Əhmədov isə ürək sözlərini belə ifadə edib: “Sizin təyin etdiyiniz müalicələr nəticəsində ağrılardan sovuşmuşam. Bütün həkim və tibb işçilərinə minnətdarlıq edirəm”.
Ayrı-ayrı vaxtlarda tibb müəssisəsində müalicə alan Bakıdan Teymur Mustafayev, Azad Vəkilov, Bərdə rayonunun Qılınclı kəndindən Camal İbrahimov və onlarca başqaları da xəstəlik və ağrılardan qurtulduqları üçün öz minnətdarlıqlarını ifadə edirlər.
Burada stasionar şəraitdə 84 çarpayı fəaliyyət göstərir. Hər gün müəssisəyə üz tutan çoxlu xəstə isə ambulator müalicələr alır. Onların hər biri burada təbii üsullarla aparılan müalicələr sayəsində ağrılardan xilas olur, öz sağlamlıqlarına qovuşurlar.

Səhiyyə 2023-07-14 10:17:00