×
A
A
A
Sazlamalar

“Duzdağ” mağaralarında azərbaycanlı alimin apardığı elmi tədqiqat işləri dünyaya uğurla təqdim olunub

Bakı, 13 iyul, AZƏRTAC

Speleoterapiya bronxopulmonar sistemi bir sıra allergik və qeyri-allergik xəstəliklərinin profilaktikası, müalicəsi və reabilitasiyasında duz mədənlərinin mikroiqliminin istifadə olunmasına əsaslanan yüksək effektiv, təbii, qeyri-medikamentoz müalicə üsuludur.
Azərbaycan Pediatrlar Assosiasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, Azərbaycan Pediatrlar Assosiasiyasının fəxri vitse-prezidenti, professor Lalə Allahverdiyevanın ölkədə speleoterapiyanın yenidən formalaşması istiqamətində apardığı elmi tədqiqatların nəticələri dünya miqyasında geniş şəkildə təqdim olunub. Alimin rəhbərliyi ilə bu problemə həsr olunmuş çoxlu sayda elmi məqalələr nüfuzlu nəşrlərdə, o cümlədən SCOPUS biblioqrafik məlumat bazasına daxil olan tibbi jurnallarda dərc edilib.
Professor L.Allahverdiyeva patologiyanın növündən və xəstənin yaşından asılı olaraq müxtəlif müalicə rejimlərini özündə əks etdirən speleoterapiyanın unikal müalicə sxemini hazırlayıb. Speleoterapiya alan bütün xəstələrə müalicə mütləq şəkildə adaptasion, əsas və readaptasion rejimlə aparılıb. Həmin innovativ yanaşmalar dünyada ilk dəfə olaraq “Duzdağ” fizioterapiya mərkəzində tətbiq edilib. Təklif edilən həmin metodika ilə günümüzə qədər respublikanın müxtəlif regionlarından və xarici ölkələrdən olan yüzlərlə xəstə reabilitasiya keçib və belə yanaşmanın yüksəkeffektivliyini sübut edən əsaslı nəticələr əldə olunub.
Yeni müalicə üsulu bronxial astma, allergik rinit, polliniz və atopik dermatit kimi xəstəliyi olan uşaqlar və böyüklər üzərində tətbiq edilib. Bu müalicə əsasında postkovid sindromlu xəstələrin reabilitasiyasının yeni istiqamətləri müəyyənləşdirilib. Dünyada ilk dəfə olaraq duz mağaralarında müalicə alan xəstələrdə mütəxəssislər qrupu tərəfindən müalicənin effektivliyinin informativ göstəricisi olaraq, verilən nəfəsdə azot oksidin səviyyəsi müəyyən edilib. Müalicə kurslarının sonunda xəstələrin əksəriyyətinin əhvalında pozitiv dəyişikliklər, laborator müayinələrin nəticələrində müsbət gözləntilər qeydə alınıb.

Səhiyyə 2023-07-13 15:24:00